Ağsu rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağsu rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Nurlan yaşadıqları evin zalında sərxoş vəziyyətdə həyat yoldaşı Əminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə yumruq və şillə ilə dəfələrlə zərbələr endirərək ona xəsarətlər yetirib.
Nurlan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində rəsmi olaraq heç bir yerdə işləmədiyini, fəhləlik etməklə ailəsini dolandırmağa çalışdığını bildirib:
"Təxminən 14 ildir Əminə ilə rəsmi nikahdayam. Bu nikahdan üç uşağımız olub. Həyat yoldaşımla yola getmədiyimizə və özüm spirtli içki qəbul etdiyimə görə aramızda tez-tez söz-söhbət olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 22 radələrində tanışları ilə spirtli içki qəbul edib və daha sonra sərxoş vəziyyətdə yaşadığı ünvana gəlib:
"Bu zaman həyat yoldaşım spirtli içki qəbul etdiyimə görə mənimlə mübahisə etməyə başladı. Bundan sonra əsəbiləşərək onu dəfələrlə yumruq və şillə ilə bədəninin müxtəlif nahiyələrindən vurdum. Həyat yoldaşım bundan sonra ağlaya-ağlaya atasının yaşadığı evə getdi. Daha sonra Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları gəldilər və məni polis şöbəsinə apardılar".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda mübahisənin səbəbini özünün içkili olması ilə izah edib və törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirib.
İş üzrə zərərçəkmiş Əminənin sözlərinə görə, hadisə günü saat 22 radələrində yaşadığı ünvanda olarkən əri Nurlan sərxoş vəziyyətdə evə gəlib və onunla mübahisə etməyə başlayıb:
"Ərimə spirtli içki içməsini irad bildirdim. Bundan sonra ərim üstümə düşərək məni dəfələrlə yumruq və şillə ilə bədənimin müxtəlif nahiyələrindən vurdu. Mən bundan sonra ağlaya-ağlaya atamın yaşadığı ünvana getdim. Atam məni bu vəziyyətdə görərək nə baş verdiyini soruşdu. Mən də Nurlan tərəfindən döyüldüyümü bildirdim. Ardınca atam məni Ağsu Rayon Mərkəzi Xəstəxanasına apardı. Sonra isə döyülməyimlə bağlı polis şöbəsinə müraciət etdim".
Ağsu Rayon Məhkəməsinin hökmü ilə Nurlan altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzasını çəkdiyi müddətdə hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etmək, həmçinin Ağsu rayonunun ərazisindən kənara çıxmaq qadağan edilib.
Bundan başqa, ona elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli


