Özəl İdman

Xarici klublara maraq böyükdür, bəs yerli futbol?

Xarici klublara maraq böyükdür, bəs yerli futbol?

Azərbaycanda futbol azarkeşləri arasında "Real Madrid", "Barselona", "Mançester Siti" və digər xarici klubları dəstəkləyənlər çoxdur. Yerli klublara marağın isə eyni səviyyədə olmadığı müşahidə edilir.

Bəs azərbaycanlı azarkeşlərin xarici futbol klublarına daha çox maraq göstərməsinin səbəbi nədir? Bu, yerli futbolun səviyyəsi, klubların tanıtımı, yoxsa azarkeşlik mədəniyyəti ilə bağlıdır? İnsanların öz ölkəsinin komandalarına marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın aparıcı klublarına müxtəlif ölkələrdə maraq göstərilməsi təbiidir.

Xarici klublara maraq böyükdür, bəs yerli futbol?

Onun sözlərinə görə, bu komandalar ulduz futbolçuları və nümayiş etdirdikləri keyfiyyətli oyunla azarkeşlərin diqqətini cəlb edirlər:

"Son illərdə Azərbaycan çempionatında da səviyyə yüksəlir. Bunun əsas səbəblərindən biri legioner futbolçuların çıxışıdır və bu amil yerli klublara marağın artmasına təsir göstərir. Bölgələrdə yerli klublara maraq daha çox hiss olunur. Tovuz, Gəncə, Şamaxı və Sumqayıtda keçirilən oyunlara azarkeşlərin marağı diqqət çəkir. Bakıda isə azarkeş axınının nisbətən az olması müşahidə edilir. Paytaxt sakinlərinin gündəlik qayğılarının çoxluğu ilə əlaqələndirirəm. Bununla belə, "Qarabağ" və "Sabah" kimi klublar beynəlxalq oyunlarda çıxış edərkən azarkeşlər tribunaları doldurmağa daha çox maraq göstərirlər. Yerli klublara marağın artırılmasında keyfiyyətli oyun və sabit nəticələr əsas amillərdəndir. Çempionatın səviyyəsi yüksəldikcə və komandalar davamlı uğurlar qazandıqca insanların futbola marağı və oyunları stadiondan izləmək istəyi də artacaq".