Dırnaqların tez qırılması və lay-lay ayrılması müxtəlif səbəblərlə bağlı ola bilər. Soyuq hava, nəmlik çatışmazlığı, məişət təmizləyiciləri, tez-tez lakdan istifadə və bəzi vitamin-mineral çatışmazlıqları dırnaqların zəifləməsinə səbəb ola bilər. Bahalı qulluq vasitələri almaq istəməyənlər üçün isə ev şəraitində istifadə edilən sadə üsullar da mövcuddur.
Demokrat.az xəbər verir ki, gənəgərçək yağı və limon köhnədən dırnaqlara qulluq məqsədilə istifadə olunan vasitələrdəndir.
Gənəgərçək yağı və limon qarışığı necə hazırlanır?
Qarışığı hazırlamaq üçün bir xörək qaşığı gənəgərçək yağı və yarım limonun suyu lazımdır. Hər iki məhsul kiçik qabda qarışdırılır, sonra barmaqların ucları 10 dəqiqə ərzində bu qarışıqda saxlanılır. Bu müddətdə dırnaqları yüngülcə masaj etmək də tövsiyə olunur. Gənəgərçək yağı dırnaqları və ətraf dərini yumşaltmağa kömək edə bilər, limon suyu isə dırnaq səthini təmizləmək və rəngini açmaq məqsədilə istifadə edilir.
Məqalədə bu prosedurun həftədə iki-üç dəfə təkrarlanması qeyd olunur. Bununla belə, limon suyu dəridə qıcıqlanma yarada bilər. Barmaqlarda çat və ya yara varsa, bu üsuldan istifadə etmək məsləhət görülmür.
Dırnaqlara qulluq üçün başqa bir variant isə yumurta sarısı və zeytun yağı qarışığıdır. Bunun üçün bir yumurta sarısı bir çay qaşığı zeytun yağı ilə qarışdırılır və təmiz dırnaqlara çəkilir. Qarışıq 15 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
Dırnaqların qırılmasının qarşısını necə almaq olar?
Dırnaqları qorumaq üçün gündəlik vərdişlərə də diqqət yetirmək lazımdır. Məişət təmizliyi və qab yuyarkən əlcəkdən istifadə etmək, dırnaqların su və kimyəvi vasitələrlə uzun müddət təmasını məhdudlaşdırmaq faydalı ola bilər. Həmçinin dırnaq və kutikula nahiyəsinə yatmazdan əvvəl az miqdarda bitki yağı çəkmək quruluğun azalmasına kömək edə bilər.
Mütəxəssislərin tövsiyələrinə uyğun olaraq, qidalanmada dəmir, sink, B qrupu vitaminləri və omeqa-3 yağ turşularının kifayət qədər olması da əhəmiyyətlidir. Dırnaqları pilka ilə bir istiqamətdə yonmaq, dekorativ lak və süni dırnaqlardan istifadəyə vaxtaşırı fasilə vermək də qırılma riskini azaltmağa kömək edə bilər.
Nuray


