Avto

Avtomobil geriyə hərəkətdə maksimum sürətinə çata bilərmi?

Avtomobil geriyə hərəkətdə maksimum sürətinə çata bilərmi?

2023-cü ildə "Rimac Nevera" elektrik avtomobili geriyə hərəkət zamanı 275,74 km/saat sürət yığaraq dünya rekordu müəyyənləşdirib. Bundan sonra bir çoxları avtomobilin geriyə hərəkətdə də öz maksimal sürətinə çata bilib-bilməyəcəyi ilə maraqlanmağa başlayıb.

Demokrat.az xəbər verir ki, mexanika mühəndisi Saymon Byankoni "Supercar Blondie"yə bildirib ki, elektrik avtomobilində belə rekord müəyyənləşdirmək benzin mühərrikli avtomobillə müqayisədə xeyli asandır.

Benzin mühərrikli avtomobillərdə bir çox hərəkətli detal yalnız müəyyən istiqamətdə fırlanmaq və işləmək üçün hazırlanıb. Buna görə də belə avtomobillərdə geriyə hərəkət çox vaxt aşağı ötürmədən istifadə etməklə və məhdud sürətlə həyata keçirilir.

Elektrik avtomobilində isə hərəkət daha çox elektrik açarını işə salmağa bənzəyir. Buna görə mexaniki baxımdan avtomobilin irəli və ya geri hərəkət etməsi arasında ciddi fərq yoxdur.

"Teorik olaraq bunun bir yolunu tapmaq mümkündür. Daxiliyanma mühərrikli avtomobildə geriyə belə sürət əldə etmək üçün transmissiyanı tamamilə yenidən layihələndirmək və geriyə hərəkət üçün ayrıca ötürmə nisbətləri yaratmaq lazım gələrdi. Bu halda kiçik, aşağı sürət üçün nəzərdə tutulmuş aralıq dişlidən istifadə edilməzdi. Bu, o qədər də asan deyil, amma həll yolu tapmaq mümkündür", – deyə mexanik bildirib.

Lakin burada başqa bir problem də var. Mütəxəssisin sözlərinə görə, əsas çətinlik avtomobilin yerə basılmasını təmin edən aerodinamik qüvvə ilə bağlıdır.

"Avtomobilin altından keçən hava onun üzərindən keçən havadan daha sürətli hərəkət etməlidir. Bu, kuzovun altında daha aşağı təzyiq yaradır və nəticədə avtomobil yerə doğru sıxılır. Əks vəziyyət yaranarsa, avtomobil sözün əsl mənasında havaya qalxa bilər", – deyə Byankoni izah edib.

Bundan əlavə, belə şəkildə dəyişdirilmiş avtomobil artıq bizə tanış olan adi avtomobilə bənzəməyəcək. Çünki yüksək sürətli avtomobillər müəyyən aerodinamik prinsiplər nəzərə alınmaqla layihələndirilir.

Jalə