Cəmiyyət

Kolleclər universitetlərə verilsə, nə dəyişəcək?

Kolleclər universitetlərə verilsə, nə dəyişəcək?

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov yerli media saytlarına verdiyi açıqlamada bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur. Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil alarkən və fəaliyyət göstərərkən problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kolleclərlə bağlı ciddi problemlər var və həmin problemlər əsasən təhsilin keyfiyyəti ilə əlaqədardır:

Kolleclər universitetlərə verilsə, nə dəyişəcək?

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, subbakalavrların bakalavriat səviyyəsinə qəbul məsələsi gündəmə gəldikdən sonra kollec təhsili almaq istəyənlərin sayında artım müşahidə olunur. Ümumilikdə, həmin qərar qəbul edilməsəydi, kolleclərə müraciət edənlərin sayı kəskin şəkildə aşağı düşərdi. Hazırkı vəziyyətdə bəzi kolleclərin ləğv olunması və ya universitetlərin tabeliyinə verilməsi məsələsinə gəldikdə, demək olar ki, əksər kolleclər artıq universitetlərin tabeliyində fəaliyyət göstərir. İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Neft və Sənaye Universitetinin, Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, bölgələrdə isə Aqrar Universitetin, Gəncə Dövlət Universitetinin və bir çox digər ali təhsil müəssisəsinin tabeliyində kolleclər fəaliyyət göstərir".

Ekspert bildirib ki, hazırda heç bir universitetin tabeliyində fəaliyyət göstərməyən kolleclərin də universitetlərin tabeliyinə verilməsi ilə təhsilin keyfiyyətində ciddi dəyişiklik əldə etmək mümkün olmayacaq:

"Kollec təhsili istiqamətində tədrisin keyfiyyətinin təmin olunması üçün düşünürəm ki, dərin islahatlara ehtiyac var. Kolleclərin idarə olunmasından tutmuş müəllimlərin işə qəbuluna qədər bütün məsələlər diqqətə alınmalıdır. Əlbəttə, azərbaycanlı gənclər xaricdə təhsil alarkən müəyyən problemlərlə üzləşirlər. Bunun səbəblərindən biri də kollec təhsilinin ölkəmizdə kifayət qədər yüksək səviyyədə və keyfiyyətli təşkil olunmamasıdır. Buna görə də xarici ölkələrdə Azərbaycan kolleclərinin məzunlarına o qədər də üstünlük verilmir. Lakin kollec təhsilini başa vurduqdan sonra subbakalavrlar bakalavr pilləsinə keçid əldə edə və bakalavr təhsili üçün müraciət edə bilərlər. Azərbaycanda 1 nömrəli və 2 nömrəli Bakı Baza Tibb Kollecləri fəaliyyət göstərir. Məsələn, həmin kolleclər müstəqil fəaliyyət göstərirlər. Hazırda onların Tibb Universitetinin tabeliyinə verilməsi təklif olunur. Lakin kolleclərin Tibb Universitetinin tabeliyinə verilməsi yalnız o halda müsbət nəticə verə bilər ki, tədrisin təşkilindən tutmuş ümumi infrastrukturun yenilənməsinə qədər universitet tərəfindən real töhfə verilsin. Əks halda, belə dəyişikliklərin həyata keçirilməsinin tədrisin keyfiyyətinə ciddi müsbət təsir göstərəcəyini düşünmürəm".

FH
Fidan Hacızadə
Müxbir