Şou-biznes

"Kızılcık Şerbeti"nin Işılının ölmədən öncəki son sözləri üzə çıxdı

Kızılcık Şerbetinin Işılının ölmədən öncəki son sözləri üzə çıxdı

"Kızılcık Şerbeti" serialında Işıl obrazını canlandıran Ece İrtemin gözlənilməz ölümündən aylar sonra ailəsi ilk dəfə onunla bağlı açıqlamalar verib.

Demokrat.az xəbər verir ki, iyunun 15-də İstanbulun Kadıköy rayonundakı evində dünyasını dəyişən aktrisanın ölüm səbəbi ilə bağlı ilk məlumatlarda ürək tutması qeyd edilsə də, Adli Tibb Ekspertizasının hesabatında ölüm səbəbinin zəhərlənmə olduğu göstərilib.

Ece İrtemin atası Vural İrtem qızının ölümündən bir gün əvvəl onunla arasında baş verən söhbəti danışarkən göz yaşlarını saxlaya bilməyib.

Onun sözlərinə görə, Ece həmin gün atasına "Bilirsənmi, sən ölməyəcəksən. Məni torpağa sən qoyacaqsan" deyib.

Vural İrtem qızının bu sözlərini eşidəndə reaksiyasının sərt olduğunu bildirib: "Ağlımı itirdim. "Qızım, sən nə danışırsan?" dedim".

Lakin ertəsi gün Ece İrtemin vəfat etməsi ailəsi üçün ağır sarsıntıya çevrilib. Ata qızının ən böyük arzularından birinin ona yaxta almaq olduğunu da söyləyib.

"Onun ən böyük arzusu mənə yaxta almaq idi. Mən ondan heç nə istəmirdim. Varlığı kifayət idi, nəfəsi kifayət idi", deyə Vural İrtem bildirib.

O, qızının Allah və qədərə çox inandığını da qeyd edib.

Ece İrtemin anası Nuriye İrtem isə qızının ölümündən bir gün əvvəl ona verdiyi sualı xatırladıb. Onun sözlərinə görə, Ece anasından: "Ana, mən öləndə sən bu evdə xoşbəxt yaşaya biləcəksən?" – deyə soruşub.

Nuriye İrtem bu sözlərin qızının ölümündən əvvəl baş verməsini xüsusilə ağır qəbul etdiyini bildirib. O, Ecenin öz evində vəfat etməsinin ailə üçün ən çətin məqamlardan biri olduğunu, səhərlər isə qızının yoxluğunun daha ağır hiss edildiyini deyib.

Jalə