Son günlər Bakıda güclü yağışlar və bəzi ərazilərdə yaranan su basmaları avtomobillərin, xüsusilə elektromobil və hibridlərin təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Bəs güclü yağış və su basmaları zamanı elektromobil, hibrid və plug-in hibrid avtomobillərdə hansı texniki problemlər yarana bilər, batareya və elektron sistemlərin su ilə təması nə dərəcədə risklidir və belə hava şəraiti bu avtomobillərin gələcəyinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, yağışlı hava ilə yanaşı, qarlı və çovğunlu hava şəraiti də nəqliyyat vasitələrinin hərəkətinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, belə hava şəraitində avtomobillərin hərəkət səmərəliliyi azalır və onların ümumi iş prinsipinə əlavə təsirlər yaranır:
"Ona görə də biz bu və digər formada hər bir nəqliyyat vasitəsinin texniki göstəricilərinə diqqət yetirməliyik. Ondan qalmış ki, əsas elementləri, yəni daha çox torpaqla təmasda olan və ya təmasda olmağa yaxın olan, mühərrik sistemi avtomobilin aşağı qatında yerləşən sistemlərin mühafizəsini daha da gücləndirmək lazımdır. Zavodun əsas iş prinsipi də həmin aqreqatların təhlükəsizliyinə zəmanət vermək, yəni onların təhlükəsizliyini daha çox təmin etmək və o avtomobillərin idarə edilməsini stimullaşdıran addımların atılmasına rəvac verməkdir.
Hələ bu nöqteyi-nəzərdən nəqliyyat vasitələrinin idarə olunmasında bu nüansı qeyd etmək lazımdır ki, avtomobil istehsalçısı zavod öz işini peşəkarcasına görsün və bu və digər formada axınların təmin olunmasını tam sərbəst edə bilsin. Yoxsa hər hansı bir nöqsanla qarşılaşa bilərik, biz bu məsələlərin aradan qaldırılmasında çətin bir duruma düşə bilərik. Avtomobilin hər hansı maneəyə dəyməsi və nəticədə alt hissəsinin zədələnməsi sürücünü əlavə təmir xərcləri ilə üz-üzə qoya bilər. Belə hallarda yaranan zərərin sığorta və ya digər qurumlar tərəfindən qarşılanmaması avtomobil sahibinin üzərinə əlavə maliyyə yükü yaradır".


