Özəl

Bu sürücülər 40 manat cərimələnir — Açıqlama

Bu sürücülər 40 manat cərimələnir — Açıqlama

Yağışlı havalarda yollarda yaranan su və palçıq gölməçələri sürücülər və piyadalar üçün əlavə narahatlıq yaradır. Belə hallarda avtomobildən sıçrayan su və ya palçığın piyadaların üzərinə düşməsi ilə bağlı sürücülərin məsuliyyəti də gündəmə gəlir.

Bəs avtomobildən su və ya palçığın piyadanın üzərinə sıçramasına görə 40 manatlıq cərimə hansı hallarda tətbiq edilir və pozuntunun qəsdən törədildiyi necə müəyyənləşdirilir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsindən su və ya palçığın piyadaların, binaların və ya digər nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində inzibati cərimə tətbiq edilə bilər.

Bu sürücülər 40 manat cərimələnir — Açıqlama

Onun sözlərinə görə, bu norma avtomobilin hərəkəti nəticəsində suyun təsadüfən sıçramasına şamil edilmir:

"Cərimənin tətbiqi üçün yalnız suyun və ya palçığın sıçraması deyil, sürücünün bunu qəsdən etməsi də sübuta yetirilməlidir. Qəsdin müəyyən edilməsi zamanı sürücünün yol şəraitini, gölməçəni və piyadanı görmək imkanının olub-olmaması, hərəkət sürəti, avtomobilin hərəkət istiqaməti və digər konkret hallar qiymətləndirilməlidir. Məsələn, sürücünün qarşıda piyadanı və gölməçəni görərək sürəti artırması və ya bilərəkdən gölməçəyə yaxınlaşması qəsdin müəyyən edilməsinə əsas verə bilər. Əksinə, yağışlı havada normal hərəkət zamanı suyun gözlənilmədən piyadaya sıçraması öz-özlüyündə qəsdən törədilmiş inzibati xəta hesab edilə bilməz.

İnzibati xəta üzrə təqsir səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Video görüntüləri, şahid ifadələri, müşahidə kameralarının qeydləri və digər sübutlar qəsdin müəyyən edilməsində nəzərə alına bilər. Qəsdin yalnız ehtimala əsasən müəyyən edilməsi və "su piyadaya sıçradı" faktının avtomatik olaraq "qəsdən sıçratma" kimi qiymətləndirilməsi qanunun tələblərinə uyğun deyil".