Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin ilk 8 ayında manatın dövretmə sürətində azalma qeydə alınıb. Bu göstərici pul kütləsinin iqtisadiyyatda nə qədər intensiv hərəkət etdiyini əks etdirdiyindən, onun dəyişməsi iqtisadi fəallıq baxımından da diqqət çəkir.
Bəs manatın dövretmə sürətinin azalmasına hansı amillər təsir edib və bu tendensiya iqtisadi aktivliyə necə təsir göstərə bilər?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, manatın dövretmə sürətindəki azalma o qədər də ciddi deyil və kifayət qədər cüzidir.

Onun sözlərinə görə, bəzi aylarda bu göstəricidə artım, bəzi aylarda isə azalma müşahidə olunub:
"Ümumilikdə isə müəyyən qədər geriləmə var. Ona görə də bu azalmanı iqtisadi proseslərə ciddi və sarsıdıcı təsir göstərə biləcək amil kimi qiymətləndirmək düzgün olmaz. Lakin göstəricidəki dəyişiklik müəyyən iqtisadi tendensiyaya işarə edir. Manatın dövretmə sürətinin azalması birbaşa olmasa da, dolayı yolla ölkədə iqtisadi aktivliyin zəifləməsini göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Yəni pul vəsaitlərinin iqtisadiyyatda əvvəlki intensivlikdə dövr etməməsi müəyyən qədər iqtisadi fəallığın aşağı düşdüyünü göstərir.
Hazırda Azərbaycanda iqtisadi aktivliyin müəyyən qədər zəiflədiyini müşahidə etmək mümkündür. Bu isə arzuolunan vəziyyət deyil. Çünki iqtisadi aktivliyin aşağı düşməsi həm istehlak proseslərinə, həm biznes subyektlərinin fəaliyyətinə, həm də ümumi iqtisadi dinamika təsir göstərə bilər.
Bununla belə, manatın dövretmə sürətindəki cüzi azalmanı ayrıca və iqtisadiyyatda ciddi problem yaradan əsas faktor kimi qiymətləndirmək olmaz. Bu göstəriciyə digər makroiqtisadi göstəricilərlə birlikdə baxmaq lazımdır. Lakin mövcud dinamika iqtisadi aktivliyin zəifləməsi baxımından müəyyən siqnal verir və bu tendensiyanın sonrakı aylarda necə dəyişəcəyi önəmli olacaq".


