Özəl

Sürücülərin etdiyi bu səhv qəza riskini ikiqat artırır — Özəl

Sürücülərin etdiyi bu səhv qəza riskini ikiqat artırır — Özəl

Müasir avtomobillərdə elektron sistemlərin sayı artdıqca, onlara edilən müdaxilələrin yaratdığı risklər də gündəmə gəlir. Xüsusilə peşəkar olmayan şəxslər tərəfindən elektron idarəetmə bloklarına, sensorlara və təhlükəsizlik sistemlərinə edilən dəyişikliklər avtomobilin texniki vəziyyətinə mənfi təsir göstərə bilər.

Bəs belə müdaxilələr hansı risklər yaradır və avtomobilin təhlükəsizlik sistemləri ilə texniki vəziyyətinə necə təsir göstərir?

Nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında söyləyib ki, müasir avtomobillərdə mühərrik, əyləc, təhlükəsizlik yastıqları, sükan, transmissiya və sürücüyə yardım sistemləri elektron idarəetmə blokları və sensorlar vasitəsilə əlaqəli işləyir.

Sürücülərin etdiyi bu səhv qəza riskini ikiqat artırır — Özəl

Onun sözlərinə görə, buna görə bu sistemlərə istehsalçının prosedurlarına uyğun olmayan müdaxilə bir nasazlığı aradan qaldırmaq əvəzinə başqa texniki və təhlükəsizlik problemləri yarada bilər:

"Düzgün avadanlıqla, ixtisaslı mütəxəssis tərəfindən və istehsalçı qaydalarına əsasən aparılan təmir isə özlüyündə təhlükəli müdaxilə sayılmır. Əsas risklərdən biri təhlükəsizlik sistemlərinin işinin pozulmasıdır. Naqillərə və ya idarəetmə bloklarına müdaxilə hava yastığının və təhlükəsizlik kəmərinin dartıcısının qəza zamanı işləməməsinə, yaxud sistemin nasaz xəbərdarlıq verməsinə səbəb ola bilər. Hava yastığı sistemini özbaşına yoxlamaq və təmir etmək də təhlükəlidir. ABS və elektron sabitlik sistemi kimi əyləc və idarəetmə funksiyalarına təsir edən sistemlərdəki nasazlıq avtomobilin əyləcləmə və sürüşkən yolda idarəolunma xüsusiyyətlərini zəiflədə bilər. Kamera və radar kimi sürücüyə yardım sistemləri isə şüşə, bamper və ya sensor təmirindən sonra düzgün kalibrlənmədikdə maneəni və ya zolağı səhv müəyyən edə, xəbərdarlığı gecikdirə və ya funksiyanı ümumiyyətlə yerinə yetirməyə bilər. İstehsalçı texniki təlimatlarında bəzi kamera dəyişikliklərindən sonra kalibrləmə tələb olunur.

Elektrik naqillərinin qeyri-peşəkar birləşdirilməsi, uyğun olmayan cihaz və proqram təminatından istifadə elektron sistemlərdə nasazlığa, akkumulyatorun boşalmasına və gözlənilməz işləmə problemlərinə yol aça bilər.

Mühərrik və transmissiyanın idarəetmə proqramına düzgün olmayan müdaxilə xəbərdarlıq işıqlarının yanmasına, avtomobilin gücünün azalmasına, qeyri-sabit işləməyə və nasazlığın səbəbinin müəyyən edilməsinin çətinləşməsinə səbəb ola bilər. Xətanı sadəcə silmək problemi aradan qaldırmır, əvvəlcə səbəbi diaqnostika ilə müəyyən etmək lazımdır. Riskləri azaltmaq üçün elektron sistemlərə müdaxiləni təlim keçmiş mütəxəssisə həvalə etmək, istehsalçı tərəfindən təsdiqlənmiş ehtiyat hissələri və diaqnostika vasitələrindən istifadə etmək, təhlükəsizlik sistemlərini söndürməmək və tələb olunan kalibrləmələri aparmaq vacibdir. Təmir başa çatdıqdan sonra xəta kodları yoxlanmalı, müvafiq sistemlərin işləməsi sınaqdan keçirilməli və görülən işlər qeydə alınmalıdır".

Beləliklə, avtomobilin elektron sisteminə edilən səriştəsiz müdaxilə kiçik nasazlığı böyük qəza riskinə çevirir.