İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Belə bir addımın atılması regionda nüvə proqramı ətrafında gərginliyi artırmaqla yanaşı, İranla Qərb ölkələri arasında münasibətlərə və Yaxın Şərqdəki qarşıdurmalara da təsir göstərə bilər.
Bəs İranın NPT-dən çıxması Yaxın Şərqdəki qarşıdurmanın gedişinə necə təsir edə bilər və bu halda Qərb ölkələrinin münaqişəyə daha geniş şəkildə cəlb olunması riski nə dərəcədə realdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İranın müqavilədən çıxmaq cəhdi, yaxud belə bir addım atacağı ilə bağlı bəyanatı yalnız və yalnız Amerika Birləşmiş Ştatlarının İrana qarşı təhdidlərinin artması ilə bağlıdır.
Onun sözlərinə görə, hətta BMT-nin yüksək kürsüsündən, 81-ci sessiyasında, Baş Assambleyada Donald Trampın çıxışı demək olar ki, təkcə İranda, Şərq dünyasında deyil, Qlobal Cənubda deyil, həm də Qərb dünyasında çox böyük narazılıq doğurdu:
"Çünki BMT ümumiyyətlə əməkdaşlıq və təhlükəsizlik uğrunda fəaliyyətin meydanıdır. Və elə bir yerdən müraciət edərək ki, biz sizi artıq yerlə-yeksan edəcəyik, daş dövrünə qaytaracağıq və s. kimi bəyanatlar səsləndirmək heç bir məntiqə sığmır.
BMT kürsüsündən indiyədək bu qədər gözlənilməz və təhdidedici çıxışa nadir hallarda rast gəlinib. Hətta 1960-cı ildə Nikita Xruşşovun BMT-də Qərbi hədələyən çıxışı belə bu səviyyədə olmayıb. Həmin dövrdə Soyuq müharibənin ən gərgin mərhələlərindən biri yaşanırdı və Xruşşov emosional davranaraq çıxışında həddi aşmış, daha sonra isə qeyri-etik hərəkətə yol vermişdi. Amma hətta deyirlər, o hərəkət bunun yanında, necə deyərlər, toya getməli idi. Yəni onu hətta başa düşmək olardı, çünki həqiqətən də Qərb dünyası onda Sovetləri yenə də təqib eləyirdi, təzyiqlər göstərirdi və etmədiyi cinayətlərdə ittiham etməyə çalışırdı. Mən deyərdim, bu isə çox acınacaqlı bir, yanaşmadır. Çünki faktiki olaraq İran tərəfi özü artıq təkliflər irəli sürür, deyir ki, biz danışıqlara hazırıq. Əgər Amerika danışıqlardan imtina edəcəksə, onda biz müharibəyə də hazırıq. Və elə düşünürəm ki, Amerikanın əksinə, müharibəyə hazırlığı şübhələr doğurur. Məsələ təkcə onda deyil ki, Amerikanın, bəli, çox yüksək texnologiyaları var, silah-sursatı var, cəbbəxanası doludur. Məsələ ondadır ki, artıq şəxsi heyət, demək olar ki, Körfəz ətrafında olan şəxsi heyət, gəmilərin heyətləri, onlar artıq beziblər. Çünki aylarla onlar gəmi şəraitində yaşayırlar, yəni quruya çıxa bilmirlər. Və digər tərəfdən də onların emosional durumu, sonra qidaları, sonra həyat rejimləri, yəni çox ekstremal bir tərzdə təşkil olunub və ona görə də görürsünüz, gəmilərdən, hətta o yüksəklikdə olan, göyərtələrdən şəxsi heyətin üzvləri özlərini dənizə atıblar. Bu, çox ölümcül hadisədir, çünki orada həqiqətən də ölüb-baş sındırmaq və ümumiyyətlə belə dəhşətli xəsarət almaq imkanları həddindən artıq böyükdür. Çünki yüksəklikdir və onu hər adam bacarmır".
Polotoloq əlavə edib ki, yəni Amerikada həm də daxildə vəziyyət çox gərgindir:
"Çünki ictimai rəy yavaş-yavaş Donald Trampın artıq əleyhinə formalaşır. Ən aşağıda olan reytinq göstəriciləri var Trampın və o cümlədən də o başa düşür ki, düz bir aydan sonra, noyabrın 3-də, noyabrın 3-də ara seçkiləri olacaq və artıq özü az qala yalvarır seçicilərə ki, respublikaçılara səs verin, çünki biz vəziyyəti düzəldəcəyik, bizim belə imkanlarımız var və s. və ilaxır.
Amma siyasi lider artıq xahişlə, sonra yalvarışla müraciət edəndə o həmişə əks effekt yaradır və bildirir ki, demək, siyasət yararsız vəziyyətdədir. Və bu baxımdan da artıq seçicilər də, sonra siyasi elitanın üzvləri də görürlər ki, yavaş-yavaş Donald Tramp vəziyyəti idarə etməkdə acizlik çəkir və digər tərəfdən də onun qəbul etdiyi qərarlar da heç də adekvat görünmür.
Yəni bir sözlə, demək olar ki, Amerika məğlubiyyət vəziyyətindədir. Yəni yavaş-yavaş o məğlubiyyət xəttinə çatır və əgər ekstraordinar, qeyri-adi qərarlar qəbul olunmasa, ki onlar heç olmasa kiçik də olsa belə effekt versinlər, elə düşünürəm ki, Donald Trampın vəziyyəti çox pis olacaq. Hətta özü də, səhv etmirəmsə, dünənlərdə deyir ki, mən başa düşürəm, demokratlar əgər çoxluq təşkil etsə, onlar mənə impiçment tətbiq edəcəklər. Və bu da çox yüngül bir tərzdə həyata keçə bilər. Yəni ilk dəfədir ki, Amerika dövləti müharibə apararaq belə bir ağır duruma düşüb və eləcə də özünün bir çıxış yolunu tapmaqdan ötrü, deməzdim ki, böyük bir imkanları var. Nüvə silahı ilə bağlı artıq bu nüvə məsələsi, mən deyərdim ki, hətta siyasi dialoqda da, sonra bu problemin, bu böhranın strukturunda da, demək olar ki, arxa plana keçir yavaş-yavaş. Bəlli olur ki, yəni o, sadə bir bəhanə idi ki, İrana hücum edilsin.
97-ci ildən bəri İsrailin rəhbərləri, xüsusilə də Benyamin Netanyahunun açıq-aşkar car çəkir, sonra fəryad eləyir ki, guya bu gün-sabah, bax, bir həftəyə, 10 günə İranın nüvə silahı olacaq.
Yəni 97-ci ildən bəri əgər belə bəyanatlar verilirdisə, elə bir şərait idi ki, İran bunu edə bilməzdi? Əlbəttə ki, onun qərarı olsaydı ki, nüvə silahını əldə etsin, çoxdan əldə etmişdi. Amma indidirsə artıq məsələ prinsipial xarakter daşıdığından rəsmi Tehran və onun, demək, parlamentdə oturan nümayəndələri bildirirlər ki, bəli, Amerika Birləşmiş Ştatları özü bizi silah əldə etməyə təhrik edir, özü bizi bu məsələyə sürükləyir və biz deyəsən, elə birdəfəlik bu Amerikanın aqressiv siyasətindən qurtulmaqdan ötrü bu məsələni gərək həll edək. Yenə də inanmıram ki, İranın nüvə silahını əldə etmək niyyəti olsun. Halbuki onun ixtiyarında olan o zənginləşdirilmiş uran artıq bir 12-15 civarında başlığı hazırlamağa imkanlar verir. Bəlkə də varlarıdır, amma onlar açıq şəkildə bu məsələ ilə bağlı heç bir bəyanat vermirlər.
Düşünürəm ki, yaxın günlərdə kim nə deyir desin, hər halda dövlət rəhbərlərinin mövqeyi fərqlidir. Bilirsiniz, bir çox ölkələrdə, xüsusilə Körfəz ölkələrində dövlət rəhbərlərinin mövqeyi bir cürdür, amma ərəb küçəsinin mövqeyi başqadır. Yəni müsəlman küçəsi başqa cür düşünür, Üçüncü dünyanın küçəsi də fərqli mövqedədir.
Siyasi liderlər burada, bəli, Amerika xoş gəlsin deyə bəyanatlar, sonra çağırışlar səsləndirə bilərlər. Amma küçə başqa cür düşünür. Yəni sadə insanlar görürlər ki, burada müsəlman ölkələrinin artıq inkişafını sıfıra endirmək cəhdləri var. Yəni təsadüfi deyil ki, İranın da alimlərini öldürüblər israillilər. Universitetlərə artıq bir 4-5 universitetə çox təsirli zərbələr endiriblər. Sonra elm mərkəzlərini darmadağın eləyirlər raket zərbələri ilə.
Digər tərəfdən, xəstəxanalara ki, orada laboratoriyalar var, tədqiqat mərkəzləri var, onlara da artıq hücumlar edilib. Odur ki, İsraillə Amerikanın əlbir olduğu nöqtədə bunların planı ondan ibarətdir ki, İranı da, məsələn üçün, Liviya kimi, İraq kimi, Suriya kimi artıq daş dövrünə atsınlar, parçalasınlar, cəmiyyətlərində artıq xaos yaratsınlar və həm elmi potensial darmadağın edilsin, digər tərəfdən də uğurla fəaliyyət göstərən tədqiqat mərkəzləri, laboratoriyalar, nə bilim, emalatxanalar və s. hamısı artıq fəaliyyətini dayandırsın.
Yəni bunu artıq milli zəmində ölkələrin xalqları qəbul etmirlər. Çünki Qərb 5 əsr idi ki, 5 əsrə yaxındır hər halda ki, Üçüncü dünyanı, belə deyək də, qarət edə-edə özü varlanırdı, özünün elmini önə aparırdı, texnikasını, texnologiyasını inkişaf etdirirdi. Ancaq indi müsəlmanlara gəldikdə buna icazə verilmir.
Bəli, rəsmən bu yasaq yoxdur, amma qeyri-rəsmi şəkildə, qeyri-formal şəkildə o tətbiq edilir. Ona görə də hesab edirəm ki, bax bu məsələdə indi İranın tərəfində duran qüvvələr var. Siyasi elitalar olmasa da, amma toplumlardakı müəyyən kəsimlər birmənalı şəkildə bildirirlər ki, birinci İsrailin azğınlığını dayandırmaq lazımdır ki, orada 6 ölkəni dağıdıb ətrafında və yeddinci İran idi. Və nəhayət, Amerikanın da İsraillə əlaqələrini artıq kəsmək lazımdır ki, onun burada proksi qüvvəsi qismində çıxış eləyən bu dövlət, balaca bir dövlət İsrail, artıq burada gərginlik ocağı özündən təşkil etməsin.
Əsasən də elə doğrudan da o, gərginlik ocağına çevrilib. Çünki bir belə onların, demək, qələbələri oldu ərəblərlə müharibələrdə, o heç bir qələbəni onlar sülhə çevirmədilər. Azərbaycan qələbə qazandı dərhal Ermənistanın üzərində, amma məhz bu zəmində də sülh proqramını tətbiq etdi ki, gəlin barışaq, bölgəyə sülh gətirək. Bax, bunu Azərbaycan çox məharətlə, böyük bir uğurla elədi. Amma İsrail bunu etmək istəmir. Çünki onların məqsədi müsəlman dünyasını pərən-pərən etmək, parçalamaqdır, onları inkişafdan uzaqlaşdırmaq məqsədi güdürlər".


