Özəl

Pul var, amma biznesə getmir — Səbəb nədir

Pul var, amma biznesə getmir — Səbəb nədir

Əhalinin banklardakı manat vəsaitlərinin artması fonunda bu vəsaitlərin iqtisadiyyata və real sektora nə dərəcədə yönəldilməsi məsələsi gündəmə gəlir. Banklarda toplanan vəsaitlərin investisiyaya çevrilməsinə hansı amillərin mane olduğu maraq doğurur.

Bəs əhalinin banklardakı manat vəsaitlərinin artması iqtisadiyyata real investisiya axınına çevrilmirsə, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Məmməd Talıblı bildirib ki, bunun əsas səbəbi iqtisadiyyatda investisiya üçün əlverişli mühit yaradan amillərin siyasi, iqtisadi, sosial və hüquqi faktorların vahid və effektiv mexanizm çərçivəsində birgə işləməməsi ilə bağlıdır.

Pul var, amma biznesə getmir — Səbəb nədir

Onun sözlərinə görə, investisiya mühitinin formalaşması üçün yalnız maliyyə resurslarının mövcudluğu kifayət etmir:

"Eyni zamanda sahibkarın və investorun fəaliyyət göstərməsi, rəqabət aparması və uzunmüddətli investisiya qərarları qəbul etməsi üçün əlverişli şərait olmalıdır.

Təcrübə göstərir ki, bank sektorunda depozitlərin həcmi artdığı halda bu vəsaitlərin real sektora kifayət qədər yönəlməməsi real sektorun investisiya üçün lazımi zəmini formalaşdıra bilmədiyini göstərir.

Yəni əhalinin vəsaitləri banklarda toplansa da, həmin vəsaitlərin istehsal, biznes və digər real iqtisadi fəaliyyət sahələrinə yönəldilməsi məhdud qalır.

Ona görə də iqtisadiyyatda inhisarçılıq və oliqopoliya risklərinin aradan qaldırılması, rəqabət mühitinin gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi vacibdir. Bu amillər təmin olunduğu halda banklarda toplanan əmanətlərin real investisiyalara çevrilməsi və iqtisadi aktivliyə daha çox töhfə verməsi mümkün ola bilər".