Sarımsaq yeməklərə daha zəngin dad və xoş ətir qata bilər. Lakin onun bişirmə prosesində tavaya nə vaxt əlavə edilməsi vacibdir. Aşpaz Mika Leon sarımsağın düzgün vaxtda istifadə edilmədikdə yana və acılaşa biləcəyini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə "Simply Recipes" yazıb.
Onun sözlərinə görə, sarımsağı yeməyə ilk inqrediyent kimi əlavə etmək düzgün deyil. Əvvəlcə soğan kimi əsas tərəvəzlər bir qədər yumşaldılmalı, daha sonra sarımsaq tavaya əlavə edilməlidir.
Aşpaz qeyd edib ki, sarımsaq çox tez bişir. Orta odda onun yumşalması və ətrini verməsi üçün təxminən 30-60 saniyə kifayətdir. Tavada uzun müddət saxlanıldıqda isə yanaraq acı dad verə bilər.
Bişirmə temperaturu da nəzərə alınmalıdır. Yemək zəif odda hazırlanırsa, sarımsağı daha erkən əlavə etmək mümkündür. Bu zaman onun dadı daha yumşaq və qozabənzər ola bilər. Yüksək temperaturda isə sarımsağı tərəvəzlər bir qədər yumşaldıqdan sonra əlavə etmək məsləhətdir.
Şorba, souslu və uzun müddət bişirilən yeməklərdə sarımsağın əlavə edilmə vaxtı o qədər də əhəmiyyətli deyil. Belə yeməklərdə daha çox maye olduğundan sarımsağın yanma ehtimalı azalır.
Bu cür yeməklərdə sarımsağı daha erkən əlavə etmək olar. Uzunmüddətli bişirmə nəticəsində onun kəskin dadı azalır və ətri tədricən bütün yeməyə yayılır.
Aşpazın sözlərinə görə, əsas qayda sarımsağın temperatur və bişmə müddətinə uyğun əlavə edilməsidir. Xüsusilə tavada yüksək odda hazırlanan yeməklərdə onu çox erkən əlavə etməkdən çəkinmək lazımdır.
Jalə

