Soyuducunun yalnız içərisini təmiz saxlamaq kifayət deyil. Mütəxəssislər cihazın arxa hissəsində yerləşən istilik dəyişdiricilərinin də mütəmadi təmizlənməsini tövsiyə edirlər. Çünki burada toz və çirk yığıldıqda soyuducu daha intensiv işləməyə başlayır və daha çox elektrik enerjisi sərf edə bilər.
Demokrat.az xəbər verir ki, "Southern Living" nəşri soyuducunun enerji sərfiyyatını azaltmaq üçün arxa hissədəki "ilanvari" boruların, yəni istilik dəyişdiricilərinin təmizlənməsinin vacibliyinə diqqət çəkib.
ABŞ-ın Tennessi ştatında məişət texnikası üzrə mütəxəssis Dennis Qordinyukun sözlərinə görə, bu hissələr radiator kimi fəaliyyət göstərərək soyuducunun daxilində yaranan istiliyi xaricə ötürür. Üzərləri toz, kir və ev heyvanlarının tükləri ilə örtüldükdə isə istiliyi lazımi səviyyədə ötürə bilmirlər.
Nəticədə soyuducu lazımi temperaturu qorumaq üçün daha çox işləyir. Bu isə kompressorun əlavə yüklənməsinə və elektrik sərfiyyatının artmasına səbəb ola bilər. Mütəxəssis bildirib ki, bəzi hallarda istilik dəyişdiricilərinin həddindən artıq çirklənməsi cihazın məhsulları lazımi qədər soyutmamasına belə gətirib çıxara bilər.
Çirkli istilik dəyişdiriciləri uzun müddət təmizlənmədikdə kompressorun sıradan çıxması və bahalı təmirə ehtiyac yaranması da mümkündür. Bundan başqa, soyuducunun daxilində temperaturun sabit qalmaması ərzaqların daha tez xarab olmasına səbəb ola bilər.
Mütəxəssislər bu hissələrin ildə ən azı 1-2 dəfə təmizlənməsini məsləhət görürlər. Əgər evdə çoxlu toz və ya ev heyvanları varsa, təmizliyi daha tez-tez, məsələn, altı aydan bir aparmaq olar.
Soyuducu əvvəlkindən daha yüksək səslə işləyirsə, məhsullar lazımi qədər soyumursa və elektrik xərcləri artıbsa, cihazın arxa hissəsindəki istilik dəyişdiricilərinin vəziyyətini yoxlamaq faydalı ola bilər.


