Alimlər iflic səbəbindən danışma və hərəkət qabiliyyətini itirmiş şəxslərin beyin siqnallarından istifadə edərək sözləri, jestləri və mimikaları rəqəmsal avatar vasitəsilə ifadə etməsinə imkan verən sistem hazırlayıblar.
Demokrat.az xəbər verir ki, “Nature Neuroscience” jurnalında dərc olunan araşdırmaya görə, sistem tək bir beyin implantından alınan siqnallar əsasında həm danışığı, həm də ünsiyyət zamanı istifadə olunan bədən hərəkətlərini eyni anda deşifrə edə bilir.
Maşın təlimi ilə işləyən texnologiya şəxsin ifadə etmək istədiyi sözlərlə yanaşı, baş hərəkətləri, əl jestləri, çiyin atmaq və digər mimikaları da müəyyən edərək rəqəmsal avatara ötürür.
Tədqiqatın baş müəllifi Samanta Brosler bildirib ki, məqsəd yalnız danışıq qabiliyyətini deyil, müxtəlif ünsiyyət formalarını da vahid beyin-kompüter interfeysi vasitəsilə bərpa etməkdir.
Onun sözlərinə görə, başla “bəli” və ya “xeyr” işarəsi vermək, əl sallamaq, çiyin atmaq və baş barmağı qaldırmaq kimi hərəkətlər danışığa məna, emosiya və kontekst əlavə edir, bəzi hallarda isə danışığı tamamilə əvəz edə bilir.
Kaliforniya Universiteti, San-Fransisko (UCSF) tədqiqatçılarının apardığı sınaqda iki nəfər iştirak edib. İştirakçılardan birində 10, digərində isə 4 fərqli ünsiyyət hərəkəti sınaqdan keçirilib. Sistem hər iki şəxsin söz və jestlərlə bağlı beyin siqnallarını yüksək dəqiqliklə deşifrə edə bilib.
Tədqiqatçılar növbəti mərhələdə söz ehtiyatını genişləndirməyi və bədənin müxtəlif hissələrindəki daha çox hərəkəti tanımağı hədəfləyirlər. Texnologiyanın iflic, ALS və digər nevroloji problemlər səbəbindən danışıq qabiliyyətini itirmiş şəxslərə kömək edə biləcəyi bildirilir.
“King’s College London” dan beyin dinamikası mütəxəssisi Riçard Roş araşdırmanın beynin danışıq və digər ünsiyyət formalarını necə birləşdirdiyinə dair yeni məlumatlar verdiyini bildirib. Onun sözlərinə görə, nəticələr danışıq və əl hərəkətlərinin emal olunduğu beyin sahələri arasında müəyyən üst-üstə düşmələrin olduğunu göstərir.

