Kriminal Özəl

Bakıda qadın ərindən icazəsiz rayona getdiyinə görə döyüldü

Bakıda qadın ərindən icazəsiz rayona getdiyinə görə döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində baş verib.

Cəlilabad rayon sakini, 1988-ci il təvəllüdlü Akif birgə yaşadıqları evdə arvadı Xalidə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş şəxsi münasibətlərin pozulması və özbaşına “Şahdağ” istirahət mərkəzinə getdiyi səbəbdən qısqanclıq zəminində arvadını cəzalandırmaq qərarına gəlib.

Bu məqsədlə o, arvadına xəsarət yetirmək niyyəti ilə orada qəflətən ani olaraq əli ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Akifin barəsində İnzibati Xətalar Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə protokol tərtib edilib.

İş üzrə izahat verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xalidə ilə 2015-ci ildə ailə həyatı qurub:

“Bu mənim birinci, Xalidənin isə ikinci evliliyidir. Bizim birgə nikahımızdan 9 yaşında bir oğlan övladımız var. Xalidənin isə əvvəlki nikahdan 16 yaşında qız övladı var”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 22 radələrində həyat yoldaşı Xalidə ilə birlikdə yaşadıqları evdə olarkən onun özbaşına “Şahdağ” istirahət mərkəzinə getdiyi üçün qısqanıb və aralarında mübahisə yaranıb:

“Mübahisə zamanı özümdən asılı olmayaraq Xalidəni əlim ilə tutaraq vurmuşam və itələmişəm. Daha sonra isə əsəbimi soyutmaq üçün evdən çıxaraq siqaret çəkdim. Sonra bizdən bir qədər aralıda yaşayan anamgilə gedərək oradan uşaqlarımı evə gətirdim. Biz evə gələndə artıq Xalidə evdə yox idi”.

Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirib.

İş üzrə zərərçəkmiş Xalidənin sözlərinə görə, Akif ilə 10 ildir ailə qurub və birgə nikahdan 9 yaşlı oğlan uşağı var: “Mənim birinci nikahdan da 16 yaşında Səidə adında qızım var. Biz son 3 il bundan əvvələ kimi çox mehriban ailə olaraq davranmışıq. Lakin sonralar Akif heç bir səbəb olmadan münaqişə yaradıb və məni dəfələrlə vurub. Mən uşaqların xatirinə ailəm dağılmasın deyə polisə müraciət etməmişəm”.

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə məlum hadisə günü, gündüz vaxtı Akif uşaqları apararaq anasının yanına qoyub və evə gəlib:

“Həmin gün saat 22 radələrində Akif ilə yaşadığımız evdə olarkən qısqanclıq zəminində qəsdən mübahisə yaradaraq üstümə hücum etdi. Heç bir səbəb olmadan yumruq ilə alın, üz, qollarımdan vurdu. Daha sonra isə təpik zərbələri ilə ayağımdan vuraraq xəsarətlər yetirdi. Bu mübahisə və münaqişə təxminən 40-50 dəqiqə çəkdi. Mübahisə zamanı evdə yalnız ikimiz olmuşuq, kənar şəxslər olmayıb. Həmin vaxtı qışqıraraq kömək çağırsam da, hadisə evdə baş verdiyindən səsimi heç kim eşitməyib, ona görə də köməyə heç kim gəlməyib. Akif mənim partlamış dodağımdan qan gəldiyini görərək əməllərini dayandırdı. Sonra maşına minərək getdi”.

Zərərçəkmiş ifadəsinin sonunda baş verən olayla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdiyini, daha sonra isə təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyi üçün onunla barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az