Cəmiyyət Özəl

Təmir zamanı qonşuya dəyən zərərin məbləği necə müəyyənləşir? — Açıqlama

Təmir zamanı qonşuya dəyən zərərin məbləği necə müəyyənləşir? — Açıqlama

Mənzildə təmir işləri aparılarkən bəzən ehtiyatsızlıq və ya texniki nasazlıq səbəbindən qonşu mənzillərə ziyan dəyə bilər. Məsələn, su sızması nəticəsində aşağı mərtəbədəki mənzilə zərər dəyməsi, divar və ya tavanda çatların yaranması kimi hallar tərəflər arasında mübahisəyə səbəb olur.

Mənzildə təmir zamanı qonşunun əmlakına ziyan dəyərsə, zərəri kim ödəməlidir?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a bildirib ki, mənzilin təmiri zamanı qonşu mənzilə ziyan dəyməsi, əlbəttə, mülki məsuliyyət yaradır:

“Mülki Məcəllənin 21-ci maddəsində zərərin əvəzinin ödənilməsi nəzərdə tutulub. Maddəyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”.

Səməd Vəkilovun sözlərinə görə, eyni zamanda, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:

“Həmçinin zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi müəyyənləşdirilərkən zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratdığı nəzərə alınmalıdır. Əlbəttə, məhkəmə qaydasında mübahisəyə baxılarkən ekspertizanın keçirilməsi zəruridir”.

Fidan Hacızadə

D
demokrat.az