Davamlı yorğunluq, səbəbsiz çəki dəyişiklikləri və yuxu pozğunluğu orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu şikayətlərin hər birini hormonal pozğunluqla əlaqələndirmək düzgün deyil.
İnsan orqanizmində hormonlar maddələr mübadiləsi, enerji səviyyəsi, yuxu, əhval-ruhiyyə və reproduktiv funksiyalar da daxil olmaqla bir çox prosesin tənzimlənməsində mühüm rol oynayır.
Son dövrlərdə xüsusilə davamlı yorğunluq, çəki artımı və yuxu problemləri yaşayan insanlar bu vəziyyətləri “hormonal balanssızlıq”la əlaqələndirməyə başlayıblar. Sosial mediada isə bu şikayətlərin səbəbi kimi xüsusilə kortizol tez-tez gündəmə gətirilir.
Lakin mütəxəssislərin fikrincə, yalnız bir əlamətə əsaslanaraq insanda hormon pozğunluğu olduğunu söyləmək mümkün deyil.
Yorğunluğun bir çox səbəbi ola bilər
Səhərlər yorğun oyanmaq və gün ərzində enerjisizlik hiss etmək yalnız hormonlarla bağlı olmaya bilər. Yuxusuzluq, stress, dəmir çatışmazlığı, qanazlığı, bəzi dərmanlar və müxtəlif yuxu pozğunluqları da eyni şikayətlərə səbəb ola bilər. Bununla yanaşı, qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi də yorğunluq və çəki artımı ilə müşayiət oluna bilər. Belə hallarda üşümə və qəbizlik kimi əlamətlər də ortaya çıxa bilər.
Hormon sistemi bir-biri ilə əlaqəli fəaliyyət göstərir
Orqanizmin hormonal sistemi mürəkkəb quruluşa malikdir. Qalxanabənzər vəz, mədəaltı vəzi, böyrəküstü vəzilər, hipofiz və reproduktiv orqanlar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu səbəbdən hormonlarla bağlı problemi yalnız bir simptom əsasında müəyyənləşdirmək düzgün yanaşma deyil. Əlamətlərin nə qədər müddət davam etməsi və bir neçə simptomun eyni vaxtda müşahidə olunması daha əhəmiyyətlidir.
Kortizol hər problemin səbəbi deyil
Son illərdə kortizolun yüksək səviyyəsi yorğunluq, çəki artımı və yuxu problemləri ilə bağlı müzakirələrdə tez-tez ön plana çıxır. Ancaq mütəxəssislər hər bir belə şikayətin kortizol problemi ilə izah edilməsinin doğru olmadığını bildirirlər.
Hormonal pozğunluğun müəyyən edilməsi üçün insanın şikayətləri, tibbi tarixçəsi və lazım gəldikdə laborator müayinələrin nəticələri birlikdə qiymətləndirilməlidir.
Əlamətlər uzun çəkirsə, həkimə müraciət edilməlidir
Yorğunluq, yuxu pozğunluğu və səbəbi bilinməyən çəki dəyişiklikləri uzun müddət davam edirsə və bir neçə əlamət eyni vaxtda müşahidə olunursa, həkim müayinəsindən keçmək vacibdir.
Mütəxəssislərin əsas tövsiyəsi isə belədir: hər yorğunluğu və çəki dəyişikliyini hormonlarla əlaqələndirmək olmaz, lakin uzun müddət davam edən və səbəbi bilinməyən dəyişikliklər də diqqətdən kənarda qalmamalıdır.
Leyla Demokrat.az


