Nazik bağırsaqda bakteriyaların normadan artıq çoxalması SIBO kimi tanınır.
Demokrat.az xəbər verir ki, Prof. Dr. Elif Öztürk bildirib ki, xəstəliyin ən tipik əlamətləri yeməkdən sonra qarında köp və qaz, gün ərzində artan şişkinlik, qarın ağrısı, qəbizlik, ishal və ürəkbulanmadır.
SIBO müalicə olunmadıqda sorulma pozuntularına, vitamin və mineral çatışmazlıqlarına və nəticədə həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, həddindən artıq emal olunmuş və az lifli qidalarla qidalanma, balanssız pəhriz, eləcə də bəzi dərmanların uzunmüddətli və lüzumsuz istifadəsi bağırsaq mikrobiotasına mənfi təsir göstərə bilər. Bu səbəbdən balanslı və müxtəlif qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və həzm şikayətləri uzun sürdükdə həkimə müraciət etmək vacibdir.
Öztürk vurğulayıb ki, qarında köpün olması mütləq SIBO anlamına gəlmir. Çünki irritabıl bağırsaq sindromu, çölyak xəstəliyi, laktoza dözümsüzlüyü, iltihabi bağırsaq xəstəlikləri və digər həzm sistemi problemləri də oxşar əlamətlərə səbəb ola bilər.
SIBO-nun müəyyənləşdirilməsində əsas üsullardan biri hidrogen və metan nəfəs testidir. Test zamanı xüsusi məhlul qəbul edilir və müəyyən aralıqlarla nəfəs nümunələri analiz olunur. Şikayətlərin səbəbini dəqiqləşdirmək üçün həkim tərəfindən əlavə müayinələr də təyin oluna bilər.


