İqtisadiyyat Özəl

Manatın məzənnəsini sabit saxlayan əsas faktor — Açıqlama

Manatın məzənnəsini sabit saxlayan əsas faktor — Açıqlama

Hazırda valyuta bazarında dollar təklifinin tələbi üstələməsinə baxmayaraq, Mərkəzi Bankın əlavə dollar alması diqqət çəkir. Bu addımın əsas məqsədi nədir və Mərkəzi Bankın dollar alışlarını artırması manatın məzənnəsinə necə təsir edir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, təklif uzun müddətdir tələbi üstələyir.

Onun sözlərinə görə, bu, yeni hal deyil:

“Son bir neçə aydır dollar təklifi bazarda dollara olan tələbi üstələyir.

Mərkəzi Bank bazardan çəkilərsə, dollar ucuzlaşar. Məsələn, hazırda 1,70 manatdırsa, 1,40 manata, hətta daha aşağı səviyyəyə düşə bilər. Hətta mən hesab edirəm ki, bundan da aşağı düşə bilər. Təxminən 1,40 manatı orientir kimi götürsək.

Elə bu addımın əsas məqsədi məzənnəni 1,70-də saxlamaqdır. O, almasa, dolların məzənnəsi düşər. Mərkəzi Bank dolların məzənnəsini sabit saxlayır. Yəni Mərkəzi Bank dolların məzənnəsini sabit saxlayır, manatın məzənnəsi isə dəyişkəndir.

Məsələn, müxtəlif valyutalara avroya, Rusiya rubluna, türk lirəsinə, Çin yuanına və digər valyutalara nisbətdə manatın məzənnəsi günbəgün dəyişir. Amma dolların məzənnəsi manata nisbətdə sabit qalıb.

Bu məsələnin bir tərəfidir. Qeyd edim ki, hazırda Mərkəzi Bankın belə müdaxiləsinin səbəbi ölkədə sabit məzənnə rejiminin tətbiq olunmasıdır. Yəni dolların məzənnəsi sabit qalır.

Mərkəzi Bank burada alıcı kimidir. Mərkəzi Bankın müdaxiləsi satıcı kimi deyil, alıcı kimidir. Təklif bazarda tələbi üstələyib. Təkliflə tələb arasındakı fərqi Mərkəzi Bank bazardan yığışdırır.

Ona görə də Mərkəzi Bank dollarları aldıqca bu siyasətin nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları, hansı ki, həm də Azərbaycanın strateji ehtiyatlarının bir hissəsidir, artır.

Xarici valyutanı, xüsusilə dolları büdcəyə həddən artıq transfer edir”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az