Avto

Gələn ildən bəzi maşınlar bahalaşa bilər — Açıqlama

Gələn ildən bəzi maşınlar bahalaşa bilər — Açıqlama

Azərbaycanda avtomobil bazarında qiymətlərə təsir edən əsas amillərdən biri də ölkəyə idxal qaydalarıdır. İstehsal tarixindən 10 ildən çox keçmiş minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılması bazarda köhnə avtomobillərin təklifinə də təsir göstərir.

10 ildən köhnə avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması Azərbaycanda həmin markaların və modellərin qiymətinə necə təsir edir? Bu avtomobillərin qiymətində artım və ya azalma gözlənilirmi?

Nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, istehsal ili 10 ildən yuxarı olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması həmin markaların ölkə daxilindəki qiymətlərinə daha çox təklifin azalması vasitəsilə təsir edir:

Gələn ildən bəzi maşınlar bahalaşa bilər — Açıqlama

“Qayda 2023-cü ildə qəbul edilib və əsas məqsədlərindən biri avtomobil parkının yenilənməsi, köhnə avtomobillərin sayının azaldılmasıdır. Bu məhdudiyyət xüsusilə Azərbaycanda geniş yayılmış və alıcısı çox olan markalarda qiymətlərin aşağı düşməsini müəyyən qədər məhdudlaşdıra bilər. Çünki həmin avtomobillərin köhnə modellərinin yeni idxalı mümkün olmadığından, bazarda təklif tədricən azalır. Lakin bu, həmin markaların avtomatik olaraq bahalaşacağı anlamına gəlmir. Əgər bazara eyni markanın daha yeni modelləri və digər alternativlər kifayət qədər daxil olursa, qiymət artımı ciddi olmaya bilər”.

Ekspert əlavə edib ki, digər tərəfdən, bazarda 10 ildən yuxarı avtomobillərə tələbat hələ də yüksəkdir:

“Buna görə də həmin avtomobillərin mövcud parkdakı sayı azaldıqca, yaxşı vəziyyətdə olan, az yürüşlü və qəzasız avtomobillər öz dəyərini daha yaxşı qoruya bilər. Yəni burada əsas təsir kəskin bahalaşmadan çox, qiymətlərin aşağı düşməsinə mane olan amil kimi ortaya çıxır. Bu səbəbdən bütün markalar üzrə eyni qiymət artımını gözləmək düzgün deyil. Tələbatı yüksək olan və ölkədə geniş yayılmış modellər daha çox qiymət sabitliyi və ya artımı potensialına malik olacaq”.

Fidan Hacızadə

D
demokrat.az