Çepmen Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, heç vaxt evlənməyən kişilər evli kişilərlə müqayisədə bioloji səviyyədə daha sürətli qocala bilər.
Demokrat.az xəbər verir ki, tədqiqat “Frontiers in Aging” jurnalında dərc olunub.
Müəlliflər ABŞ-da yaşayan 762 nəfərin məlumatlarını təhlil edib və epigenetik qocalmanın iki göstəricisi – GrimAge və DunedinPACE üzrə fərqlər aşkar ediblər.
Epigenetik qocalma orqanizmdə gedən proseslərin insanın təqvim yaşına uyğun olub-olmadığını və ya onu qabaqlayıb-qabaqlamadığını göstərir. Alimlər bunu qiymətləndirmək üçün genlərin aktivliyinə təsir edən kimyəvi işarələr – DNT metilləşməsindəki dəyişiklikləri araşdırıblar. Tədqiqatda bioloji yaşı qiymətləndirən PhenoAge və GrimAge, həmçinin orqanizmin qocalma sürətini göstərən DunedinPACE olmaqla üç alətdən istifadə edilib.
Ən nəzərəçarpan fərq heç vaxt evlənməyən kişilərdə müşahidə olunub. GrimAge və DunedinPACE göstəricilərinə əsasən, bu kişilərdə evli kişilərlə müqayisədə epigenetik qocalmanın sürətlənməsi əlamətləri qeydə alınıb. Qadınlarda isə alimlər belə bir əlaqə aşkar etməyiblər.
Bununla yanaşı, nikah faktının özü boşanmış və ya ayrı yaşayan şəxslərlə müqayisədə DunedinPACE üzrə daha yavaş epigenetik qocalma tempi ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Təhlilə orta və yaşlı insanların sağlamlığına həsr olunmuş “Midlife in the United States” (MIDUS) araşdırmasının 382 kişisi və 380 qadını daxil edilib. Alimlər iştirakçıların yaşını, təhsil səviyyəsini, bədən kütləsi indeksini, siqaret çəkməsini, irqi və etnik mənsubiyyətini, eləcə də nəticələrə təsir göstərə biləcək digər amilləri nəzərə alıblar.
Müəlliflər vurğulayırlar ki, araşdırma sürətlənmiş qocalmanın birbaşa olaraq nikahda olmamaqla əlaqəli olduğunu sübut etmir. Tədqiqat kəsiyə əsaslanan xarakter daşıyıb – iştirakçıların qan nümunələri yalnız bir dövrdə qiymətləndirilib. Buna görə də səbəb-nəticə əlaqəsini etibarlı şəkildə müəyyənləşdirmək mümkün deyil.
Alimlər hesab edirlər ki, sosial dəstək, stress və həyat tərzinin xüsusiyyətləri müəyyən rol oynaya bilər. Lakin bu izahları yoxlamaq üçün əlavə araşdırmalara ehtiyac var.
Müəlliflərin fikrincə, tədqiqatın ən gözlənilməz nəticəsi ailə vəziyyəti ilə epigenetik qocalma arasındakı əlaqənin əsasən heç vaxt evlənməyən kişilərdə nəzərəçarpacaq olmasıdır.
Jalə Demokrat.az


