Tədqiqatçılar doğum ayı ilə ömür uzunluğu arasında statistik əlaqə müəyyən ediblər. Çox uzun ömür sürən insanlar arasında ən çox dekabr ayında doğulanlara rast gəlinib. Bununla belə, alimlər vurğulayırlar ki, doğum tarixi konkret insanın nə qədər yaşayacağını proqnozlaşdıra bilməz.
Demokrat.az xəbər verir ki, “Journal of Aging Research” jurnalında dərc olunan araşdırmalar doğum mövsümü ilə uzunömürlülük arasında mümkün əlaqəyə işarə edir. “WP Tech” yazır ki, bəzi tədqiqatlarda dekabr ayında doğulan insanların digər aylarda doğulanlarla müqayisədə daha çox çox yaşlılığa çatdığı müəyyən edilib.
Bunun mümkün səbəblərindən biri ürək-damar xəstəlikləri riski ilə bağlı ola bilər. Bəzi araşdırmalar ilin sonunda doğulan insanların müəyyən ürək-damar problemlərinin inkişafı ehtimalının bir qədər aşağı ola biləcəyini göstərir. Bununla yanaşı, onlarda bəzi nevroloji pozuntular və astma da daxil olmaqla digər xəstəliklərin riski arta bilər.
Kimlər daha çox 105 yaşa çatır?
Tədqiqatçılar 2005-ci ildə apardıqları “Doğum ayı və 105+ yaşa çatmaq” adlı araşdırmada daha bir maraqlı qanunauyğunluq aşkar ediblər. Qabriele Doblhammer, Rembrandt Şolts və Hayner Mayer ən azı 105 il yaşamış insanların məlumatlarını təhlil ediblər.
Məlum olub ki, uzunömürlülər arasında dekabr ayında doğulanların sayı qeyri-proporsional dərəcədə çox olub. Bu qrupda doğulduğu andan etibarən 105 və daha çox yaşa çatmaq ehtimalı orta göstəricidən təxminən 16 faiz yüksək olub.
Oxşar tendensiyanı Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutunun alimləri də qeydə alıblar. Avstriya və Danimarkadakı məlumatların təhlili göstərib ki, payız aylarında – oktyabrdan dekabra qədər – doğulan insanlar yazda, yəni apreldən iyuna qədər doğulanlarla müqayisədə 50 yaşdan sonra orta hesabla daha uzun yaşayıblar.
Tədqiqat üçün bir milyondan çox müşahidədən istifadə edilib. Alimlər ehtimal ediblər ki, insanın sonrakı sağlamlığına hələ doğulmazdan əvvəl və həyatının ilk aylarında olduğu şərait təsir göstərə bilər.
Doğum mövsümü niyə əhəmiyyətli ola bilər?
Tədqiqatçılar hesab edirlər ki, hamiləliyə və uşağın erkən inkişafına təsir edən mövsümi amillərin əhəmiyyəti ola bilər.
Bunlara ananın qidalanması, günəş işığının miqdarı, D vitamini səviyyəsi, mövsümi infeksiyalar və digər ətraf mühit amilləri daxildir. Bu faktorlar orqanizmin gələcəkdə müəyyən xəstəliklərə nə dərəcədə meyilli olmasına potensial olaraq təsir göstərə bilər.
Bununla belə, bu, əldə olunan nəticələrin yalnız mümkün izahlarından biridir. Doğum ayının özü insanın ömür uzunluğunu müəyyən etmir.
Uzunömürlülüyə genetika, qidalanma, fiziki aktivlik, yuxu, stress səviyyəsi, xəstəliklərin profilaktikası və keyfiyyətli tibbi yardıma çıxış daha çox təsir göstərir.
Jalə Demokrat.az


