Dünya Özəl

Bu ölkədə təbiətə zərər vuranlar ən ağır şəkildə cəzalandırılacaq

Bu ölkədə təbiətə zərər vuranlar ən ağır şəkildə cəzalandırılacaq

Belçikada ətraf mühitə ciddi, genişmiqyaslı və uzunmüddətli zərər vurulmasını “ekosid” kimi tanıyan yeni qanun sentyabr ayından etibarən qüvvəyə minib.

Belçika Nümayəndələr Palatasının 2024-cü ildə qəbul etdiyi yeni Cinayət Məcəlləsinə əsasən, ətraf mühitə ciddi zərər vuracağını bilərək qanunsuz hərəkət edən və ya hərəkətsiz qalan şəxslər ekosid cinayətinə görə məsuliyyətə cəlb oluna biləcək.

Böyük neft sızıntıları, dənizlərin genişmiqyaslı çirkləndirilməsi, eləcə də nüvə və radioaktiv tullantıların ətraf mühitə ağır zərər vurması ekosid cinayəti çərçivəsində qiymətləndirilə bilər.

Ekosid cinayətini törədən fiziki şəxslər 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər. Hüquqi şəxslər üçün isə 1,2 milyon avrodan 1,6 milyon avroyadək cərimə nəzərdə tutulur.

Əməlin ekosid hesab edilməsi üçün vurulan zərərin ciddi, genişmiqyaslı və uzunmüddətli olması, hərəkətin qəsdən törədilməsi və şəxsin ətraf mühitə vurduğu zərəri bilməsi tələb olunur.

Qanun federal hökumətin səlahiyyətinə daxil olan Şimal dənizi, radiasiya və radioaktiv tullantıların idarə olunması kimi məsələlərə də tətbiq edilə bilər.

Beləliklə, Belçika ekosidi bu adla ayrıca və ağır cinayət kimi Cinayət Məcəlləsində təsbit edən ilk Avropa İttifaqı ölkəsi olub.

Demokrat.az

D
demokrat.az