Cəmiyyət Özəl

Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər — dövlət dəstəyi başlayır

Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər — dövlət dəstəyi başlayır

Elm və Təhsil Nazirliyi valideyn–dövlət–özəl əməkdaşlığı əsasında məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi üçün seçilən özəl bağçaların siyahısını açıqlayıb. Yeni maliyyələşmə modelinin 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə və daha çox uşağın bu xidmətlərdən yararlanmasına imkan yaratması nəzərdə tutulur.

Bəs özəl bağçaların bu modelə cəlb olunması məktəbəqədər təhsilin əlçatanlığına və keyfiyyətinə necə təsir göstərə bilər? Modelin effektiv və uzunmüddətli olması üçün hansı meyarlar əsas götürülməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, çoxdan gözlənilən valideyn–dövlət–özəl əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı mühüm addım atılıb.

Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər — dövlət dəstəyi başlayır
Onun sözlərinə görə, 2026–2027-ci tədris ili üçün 124 özəl bağçanın müsabiqədə qalib elan olunması bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

"Dövlət dəstəyinin özəl sektora yönəldilməsi məktəbəqədər təhsildə mövcud imkanların genişləndirilməsinə, daha çox uşağın təhsil xidmətlərindən yararlanmasına və valideynlərin seçim imkanlarının artırılmasına şərait yarada bilər. Valideyn–dövlət–özəl əməkdaşlığı modelinin tətbiqi həm də məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində müxtəlif iştirakçılar arasında daha çevik və rəqabətli mühitin formalaşmasına imkan verə bilər. Özəl bağçaların dövlət tərəfindən dəstəklənməsi valideynlərin seçim imkanlarının genişlənməsinə, eyni zamanda özəl sektorun məktəbəqədər təhsilə investisiya qoyuluşunun və marağının artmasına stimul yarada bilər.

Bu modelin digər mühüm tərəfi isə modelin həm paytaxtda, həm də regionlarda tətbiq olunmasıdır. Dövlət dəstəyinin müxtəlif ərazilərdə yaşayan ailələr üçün alternativ təhsil imkanlarının genişlənməsinə şərait yarada bilməsi mühüm amildir. Bununla yanaşı, yeni maliyyələşmə mexanizminin real nəticəsi yalnız bağçaların sayının artması ilə deyil, göstərilən xidmətlərin keyfiyyəti və uşaqlar üçün yaradılan şəraitlə də ölçülməlidir. Digər tərəfdən, dövlət maliyyəsi alan özəl müəssisələrin fəaliyyətinə nəzarət məsələsi xüsusi əhəmiyyət daşıyır. Ayrılan vəsaitin təyinatı üzrə istifadəsi, uşaqların qəbulu zamanı müəyyən edilmiş qaydalara əməl olunması, valideynlərdən alınan ödənişlərin şəffaflığı və bağçalarda yaradılan şərait mütəmadi şəkildə qiymətləndirilməlidir. Əks halda, dövlət dəstəyinin məqsədi ilə real nəticələr arasında fərq yarana bilər".

Təhsil eksperti əlavə edib ki, dövlət vəsaitinin ayrılması özəl bağçaların üzərinə əlavə məsuliyyət də qoyur.

"Maliyyələşmənin davamlı olması üçün müəssisələrin yalnız formal tələblərə cavab verməsi deyil, məktəbəqədər təhsilin məzmunu, pedaqoji kadrların hazırlığı, təhlükəsizlik, qidalanma, sanitariya və uşaqlar üçün yaradılan ümumi mühit baxımından da müəyyən standartlara uyğunluğu təmin edilməlidir. Valideynlər üçün isə əsas məsələ dövlət dəstəyinin onların üzərinə düşən maliyyə yükünə necə təsir edəcəyidir. Rəsmi məlumatda seçilmiş müəssisələr üzrə dövlət dəstəyinin aylıq məbləği və valideynin ödəyəcəyi aylıq məbləğ də açıqlanıb. Bu baxımdan modelin effektivliyini qiymətləndirərkən dövlət dəstəyinin ailələrin məktəbəqədər təhsil xidmətlərindən daha əlçatan şəkildə yararlanmasına nə dərəcədə imkan verdiyi də nəzərə alınmalıdır.

Əgər mexanizm düzgün, şəffaf və effektiv şəkildə tətbiq olunarsa, bu model məktəbəqədər təhsildə həm dövlət, həm də özəl sektorun imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yarada bilər. Nəticədə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması, valideynlərin seçim imkanlarının genişlənməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi mümkün ola bilər. Bununla belə, yeni modelin uğuru yalnız 124 özəl məktəbəqədər təhsil müəssisəsinin müsabiqənin qalibi seçilməsi ilə deyil, qarşıdakı dövrdə onun necə icra olunması, dövlət vəsaitinin necə xərclənməsi, keyfiyyətə nəzarətin hansı səviyyədə aparılması və valideynlərin bu mexanizmdən nə dərəcədə razı qalması ilə müəyyənləşəcək. Bu səbəbdən dövlət–özəl əməkdaşlığının genişləndirilməsi ilə yanaşı, şəffaflıq, hesabatlılıq və keyfiyyətə nəzarət mexanizmlərinin də gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır", – deyə Məzahir Məmmədli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az