"Ötən gün Azərbaycanda keçirilən seçkilər azad və şəffaf təşkil olunması baxımından Avropa standartlarına uyğun idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Azərbaycana səfər etmiş beynəlxalq müşahidəçi, Almaniya Bundestaqının üzvü Onur Oğuz Dellal bildirib.
O deyib ki, seçkilərdə kifayət qədər namizədlərin olması prosesin rəqabət şəraitində keçdiyini göstərir:
"Bəzi Avropa ölkələrində belə bu qədər namizəd seçkilərdə iştirak edə bilmir. Bu baxımdan Azərbaycan yaxşı seçki nümunəsini göstərə bildi. Demokratik seçki mühitinin təmin olunması üçün bu çox vacib və sevindirici amildir".
Azərbaycana 20 nəfərlik müşahidə missiyası tərkibində gəldiyini vurğulayan Onur Oğuz Dellal qeyd edib ki, seçkilər zamanı ciddi nöqsana şahid olmayıb:
"Biz seçkilərdə yaxından müşahidələr apardıq, ciddi nöqsanlara rast gəlmədik. Mənim kimi, digər həmkarlarım da seçkilər üçün yaradılan şəraitdən razı qaldıq".
Almaniyadan olan müşahidəçi bildirib ki, bəzən Avropanın aparıcı dövlətləri müstəqillik yaşı cavan olan ölkələrdə gedən islahatları qəbul etmək istəmirlər:
"Ümumiyyətlə, Avropada, o cümlədən İngiltərədə, Almaniyada, Fransada keçirilən seçkilərlə Azərbaycan kimi ölkələrdə keçirilən seçkiləri müqayisə etmək doğru deyil. Yüz il əvvəl həmin dövlətlər də vəziyyət indiki kimi olub. Bu baxımdan oxşar müqayisələrin aparılması doğru deyil".
Zaur Hacılı Demokrat.az


