Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin İranın suverenliyi və ərazi bütövlüyünə dəstək verməsi diqqət çəkir. Bişkekdə qəbul edilən bəyannamədə regiondakı münaqişələrin siyasi və diplomatik yollarla həllinə çağırış edilib, İrana qarşı hərbi zərbələr pislənib.
ŞƏT ölkələrinin bu mövqeyi İranın regional və beynəlxalq müstəvidə siyasi dayaqlarını gücləndirə bilərmi? Təşkilat üzvlərinin İrana verdiyi siyasi dəstək Yaxın Şərqdə mövcud güc balansına və gələcək proseslərin istiqamətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammitində qəbul edilən bəyannamə təşkilatın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini nümayiş etdirən mühüm sənədlərdən biri kimi qiymətləndirilə bilər.

"Bəyannamədə Ukrayna münaqişəsinə ayrıca toxunulmaması da diqqətçəkən məqamdır. Bunun əvəzində sənəddə beynəlxalq münasibətlərdə bloklaşma və qarşıdurma yanaşmalarının qəbuledilməzliyi vurğulanır. Bu, ŞƏT ölkələrinin beynəlxalq sistemdə daha çox çoxqütblülük və dövlətlərin suverenliyinə əsaslanan yanaşmanı önə çıxarmaq istədiyini göstərir. Sənəddə İran məsələsinə xüsusi diqqət ayrılması isə hazırkı geosiyasi proseslər baxımından xüsusilə əhəmiyyətlidir. ŞƏT ölkələrinin İranın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi, İrana qarşı hərbi zərbələri pisləməsi və problemin yalnız siyasi-diplomatik yollarla həllinə çağırış etməsi Tehranın diplomatik mövqeyini müəyyən qədər gücləndirir. Bu mövqe İranın beynəlxalq müstəvidə müəyyən siyasi dəstəyə malik olduğunu göstərən mühüm mesajdır. Lakin burada mühüm bir məqamı da nəzərə almaq lazımdır. ŞƏT hərbi-siyasi ittifaq deyil. Bəyannamənin özündə də təşkilatın digər dövlətlərə qarşı yönəlmədiyi və hərbi blok olmadığı xüsusi olaraq vurğulanır. Buna görə də İranın ŞƏT-dən siyasi dəstək alması onun avtomatik olaraq hərbi təhlükəsizlik zəmanəti əldə etməsi demək deyil. Daha çox söhbət diplomatik, siyasi və müəyyən dərəcədə iqtisadi dəstəkdən gedir. Digər tərəfdən, sənəddə sanksiyalara və birtərəfli məcburetmə tədbirlərinə qarşı çıxılması ŞƏT ölkələrinin Qərbin dominant olduğu qlobal iqtisadi və maliyyə sisteminə alternativ mexanizmlərin formalaşdırılmasına marağını göstərir. Beynəlxalq maliyyə arxitekturasının islahatı, inkişaf etməkdə olan ölkələrin beynəlxalq maliyyə institutlarında rolunun artırılması və milli valyutalarla hesablaşmaların genişləndirilməsi kimi yanaşmalar uzunmüddətli perspektivdə qlobal iqtisadi sistemdə yeni güc mərkəzlərinin formalaşmasına təsir göstərə bilər. Bu baxımdan İran üçün ŞƏT-in mövqeyi yalnız siyasi əhəmiyyət daşımır. İran artıq təşkilatın tamhüquqlu üzvü olaraq Çin, Rusiya, Hindistan və digər böyük dövlətlərlə müxtəlif platformalarda əməkdaşlıq imkanlarına malikdir. Bu isə Tehranın Qərb sanksiyaları qarşısında alternativ iqtisadi və diplomatik kanallarını qorumasına imkan yaradır".
Şəbnəm Həsənova əlavə edib ki, Yaxın Şərq baxımından isə ŞƏT-in mövqeyi bölgədəki güc balansını birbaşa dəyişdirməsə də, siyasi proseslərə təsir göstərə bilər.
"Əgər regionda hərbi eskalasiya davam edərsə və İran məsələsi daha geniş beynəlxalq qarşıdurmanın elementinə çevrilərsə, Çin və Rusiyanın diplomatik mövqeləri daha böyük əhəmiyyət qazana bilər. Bu halda Yaxın Şərqdəki proseslər yalnız ABŞ, İsrail və İran arasındakı qarşıdurma çərçivəsində deyil, daha geniş qlobal güc rəqabəti kontekstində nəzərdən keçiriləcək. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bişkekdə ŞƏT+ formatında keçirilən sammitdə Məkkə müdafiə alyansının regional və qlobal sülhə töhfə verəcəyini bəyan etməsinin özü də Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından diqqətçəkən mesajdır. Bütün bunlar göstərir ki, ŞƏT tədricən yalnız regional əməkdaşlıq platforması olmaqdan çıxaraq qlobal idarəetmə ilə bağlı alternativ baxışların ifadə olunduğu siyasi platformaya çevrilmə meyli göstərir. Bununla belə, təşkilat daxilində üzv dövlətlərin maraqları tam üst-üstə düşmür. Çin, Rusiya, Hindistan, İran və digər üzvlərin təhlükəsizlik və iqtisadi prioritetləri arasında müəyyən fərqlər mövcuddur. Buna görə də ŞƏT-i vahid siyasi və ya hərbi blok kimi təqdim etmək doğru olmaz. Bişkek Bəyannaməsinin əsas siyasi mesajı ondan ibarətdir ki, ŞƏT ölkələri beynəlxalq münasibətlərdə birtərəfli qərarların və hərbi təzyiqin deyil, çoxtərəfliliyin, suverenliyin, diplomatik danışıqların və daha balanslı qlobal idarəetmə modelinin tərəfdarı olduqlarını nümayiş etdirirlər. İran məsələsində bu mövqe Tehranın diplomatik manevr imkanlarını genişləndirə bilər. Lakin bunun Yaxın Şərqdə real güc balansına təsiri ŞƏT ölkələrinin siyasi bəyanatlardan nə dərəcədə konkret iqtisadi, diplomatik və digər praktiki addımlara keçəcəyindən asılı olacaq. Əsas məsələ İranın yalnız mövcud təzyiqlərə cavab verməsi deyil, dəyişən dünya düzənində öz mövqeyini necə müəyyənləşdirəcəyidir", - politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı Demokrat.az


