Qazax-Tovuz iqtisadi rayonunda əhalinin gəlirlərində xaricdən göndərilən vəsaitlərin də müəyyən payı var. Rəsmi statistikaya görə, regionda adambaşına düşən orta aylıq gəlirin 3,1 faizi xaricdən daxil olan pul köçürmələrinin payına düşür. Bu vəsaitlər əhalinin gəlirlərinə və regionda iqtisadi aktivliyə təsir göstərsə də, xaricdən pul köçürmələrindən asılılığın artması müəyyən risklər də yarada bilər.
Bəs xaricdən göndərilən pullar regionların iqtisadi inkişafına nə qədər təsir edir və bu vəsaitlərə yüksək bağlılıq hansı risklər yarada bilər?
Demokrat.az-a bu barədə açıqlama verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev söyləyib ki, Qazax-Tovuz iqtisadi rayonunda yaşayan insanların bir hissəsi Rusiyaya işləməyə gedir və ailələrinə pul göndərirlər. 
"Yəni bu gün göstərilən 11–12 milyon manatlıq rəqəmlər real vəziyyəti tam əks etdirmir. Çünki bu vəsait müxtəlif şəxslər vasitəsilə, əldən-ələ və ya başqa yollarla ailələrə çatdırılır. Məsələn, orada kimsə pul verir, burada isə həmin şəxsin ailəsinə başqa biri pul verir. Müxtəlif yollarla həyata keçirilən bu ödənişlər statistikada əks olunmur. Burada yalnız banklar vasitəsilə köçürülən vəsaitlərdən söhbət gedə bilər. İkinci məsələ ondan ibarətdir ki, həmin regionda istehsal olunan kənd təsərrüfatı məhsulları da yaxın qonşu ölkələrə ixrac olunur. Bu da gəlirlərin formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə, dünyada belə bir praktika da var ki, bir sıra ölkələr öz işçi qüvvəsinin xarici ölkələrə işləməyə getməsində maraqlı olurlar. İnsanlar xaricdə işləyib pul göndərirlər və bu da ölkə daxilində iqtisadi aktivliyin artmasına səbəb olur. Azərbaycan şəraitində də yaxşı olardı ki, xaricdə işləyib ailələrinə pul göndərən insanların ölkə daxilində iş qurması, bizneslə məşğul olması və təsərrüfatlarını inkişaf etdirməsi üçün mühit daha da yaxşılaşdırılsın. Onların fəaliyyətinə yerli qurumların müdaxiləsi tamamilə aradan qaldırılsın. Bu, ölkə başçısının da çağırış etdiyi məsələlərdən biridir. Onlara operativ şəkildə xidmət göstərilməlidir ki, həqiqətən də öz fəaliyyətlərini genişləndirə bilsinlər. Regionlararası inteqrasiya və iqtisadi əlaqələr gücləndirilməlidir. Çünki klasterlərin inkişafına da ehtiyac var. Bir müəssisə ətrafında bir neçə əlaqəli müəssisənin və istehsal sahəsinin formalaşması onların inkişafına şərait yarada bilər”, - deyə Ruslan Atakişiyev məsələyə münasibətini bildirib.
Nuray Paşşanlı Demokrat.az


