Sosial Özəl

Cərimələr gəlirə uyğun hesablanmalıdır? — Deputatdan açıqlama

Cərimələr gəlirə uyğun hesablanmalıdır? — Deputatdan açıqlama

Bəzi Avropa ölkələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin məbləği şəxsin gəlirinə uyğun müəyyənləşdirilir. Məsələn, Finlandiyada bəzi yol hərəkəti pozuntuları üzrə tətbiq olunan gündəlik cərimə sistemində şəxsin gəliri nəzərə alınır. Beləliklə, yüksək gəlirli şəxs daha çox, gəliri aşağı olan şəxs isə daha az məbləğdə cərimə ödəyir.

Bəs bu kimi qaydanın Azərbaycanda tətbiqi mümkündürmü? 200-300 min manat dəyərində avtomobil idarə edən şəxslə 3 min manatlıq avtomobil sürən şəxsin eyni məbləğdə cərimələnməsi nə dərəcədə effektivdir?

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında söyləyib ki, dünyanın, demək olar ki, bütün ölkələrində cərimələrin məbləği qayda pozuntusunun təsirləri ilə qiymətləndirilir.

Cərimələr gəlirə uyğun hesablanmalıdır? — Deputatdan açıqlama

Onun sözlərinə görə, əgər qayda pozuntusunun təsirləri yüksəkdirsə və hətta digər vətəndaşların həyatı üçün təhlükə yaradırsa, bu halda, daha yüksək cərimələr tətbiq olunur:

"Ona görə də bu baxımdan cərimələrin məbləği diferensial şəkildə, məsələn, qayda pozuntusunun təsir dairəsinə uyğun olaraq müəyyənləşdirilir. Əksər ölkələrdə cərimə məbləğləri birbaşa həmin ölkədəki gəlir səviyyəsinə və eyni zamanda orta aylıq əməkhaqqı daxil olmaqla bir sıra göstəricilərə uyğunlaşdırılır. Çünki cərimələrin məbləği müəyyənləşdirilərkən hər bir ölkənin iqtisadi vəziyyəti, eləcə də vətəndaşların ödəmə imkanları nəzərə alınmaqla bu rəqəmlər müəyyənləşdirilir".

Deputat əlavə edib ki, bu kontekstdən çıxış edərək, biz cərimə məbləğlərinin onun təsir dairəsinə uyğun olaraq müəyyənləşdirilməsinin tərəfdarıyıq:

"Çünki bütün hallarda cərimələrin məbləği, onun vurduğu ziyana və ya potensial olaraq vuracağı ziyana uyğunlaşdırılmalıdır. Amma eyni zamanda, əhalinin gəlir səviyyəsinin və ödəmə qabiliyyətinin nəzərə alınması da olduqca vacibdir".

Fidan Hacızadə

D
demokrat.az