Kriminal Özəl

"İçkiyə başlayandan sonra arvadımla münasibətimiz pozuldu" — Məhkəmə

İçkiyə başlayandan sonra arvadımla münasibətimiz pozuldu — Məhkəmə

Quba rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Rasim kənddə yerləşən fərdi yaşayış evində arvadı Sahibə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı 44 yaşlı kişi arvadının bədəninin müxtəlif nahiyələrinə və sifət nahiyəsinə əli ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Rasimə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2006-cı ildə Sahibə ilə rəsmi ailə həyatı qurub:

“Bu izdivacdan üç övladımız dünyaya gəlib. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, mütəmadi spirtli içki qəbul etdiyimdən münasibətlərimiz pisləşib, evdə mübahisələrimiz yaranıb. Sonuncu mübahisələrimiz yenə də yaşadığımız evdə baş verdi. Mübahisə zamanı əlim ilə arvadımın bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”.

Quba Rayon Məhkəməsində keçirilən iclasda məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərini bağışlayıb, ona qarşı şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az