Kriminal Özəl

8 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs — Anası biləndə sifətimə yumruq vurdu

8 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs — Anası biləndə sifətimə yumruq vurdu

Biləsuvar rayonunda 38 yaşlı kişi qonşusunun 8 yaşlı qızına qarşı seksual hərəkətlər etməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 19-da rayonun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Elşən həmin gün, saat 17 radələrində özünə məxsus fərdi yaşayış evində 2018-ci il təvəllüdlü Aysuya qarşı iyrənc hərəkətlər edib.

Elşənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə izahat verən Elşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aysu və anası Elmira məlum hadisədən 3-4 gün əvvəl onların qonşuluğuna köçüb:

“Mən Aysunu və onun qardaşını öz balam kimi evə çağırdım. Aysunu çox istədiyimdən üzündən öpdüm. Ona qarşı başqa heç bir zorakılıq hərəkətləri etməmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, evlidir, himayəsində iki azyaşlı övladı var, günəmuzd fəhlə işləyir:

“2025-ci il oktyabrın 19-da, saat 17 radələrində yaşadığım evin həyətində olan zaman qonşuluqda yaşayan Aysu mənə yaxınlaşaraq arvadım Məlahətin zəng etdiyini dedi. Ondan telefonu alaraq arvadım ilə danışdım. Telefonla danışarkən arvadımdan evə nə vaxt gələcəyini soruşdum. O, “evdə ol, gələcəyəm” deyə bildirdi. Telefonu qaytardıqdan sonra Aysunu və qardaşı Ramili televizora baxmaq üçün evimə dəvət etdim. Evə gəldikdən sonra televizoru işə saldım. O, öz qardaşı ilə küçədə oturduğu üçün onları evə televizora baxmağa və çay içməyə dəvət etdim. Onlara çay süzmək istəsəm də, imtina etdilər. Onlar bir müddət televizora baxdılar. Həmin vaxt Aysunun üzündən öpdüm. Həmin vaxt evdə başqa adam olmayıb. Uşaqları evə dəvət edərkən Aysunun anası Elmira öz evlərinin həyətində olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aysunu öz balası kimi çox istədiyindən onu öpüb:

“Aysunun şalvarını aşağı çəkməmişəm, nə də ki, ayıb yerimi ona göstərməmişəm. Həmin vaxt küçədən avtomobil səsi gəldi. Ramildən küçəyə çıxaraq baxmasını istədim. O da küçəyə çıxdı. Onu çölə göndərərkən dedim ki, bax gör, avtomobil gəlir, gələn kimdir. İbtidai istintaqda verdiyim ifadələrim düzdür, mənə qarşı heç bir fiziki təsir göstərilməyib. Ramili çölə baxmağa mən göndərmişəm. Aysunun anası, xalası və bir də taksi sürücüsü yaşadığım evə gəliblər. Elmira mənə acıqlanaraq bir şillə vurdu. Mən də ona bir daha belə səhv etməyəcəyimi dedim. Bir qədər sonra polis əməkdaşları yaşadığım evə gələrək barəmdə şikayət olduğunu bildirdi və məni polis şöbəsinə apardılar. Etdiyim səhvi başa düşürəm və peşmanam”.

İş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi təhlil olunub. O, həmin ifadəsində özünü Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilib.

Elşən həmin ifadəsində göstərib ki, Aysunu və qardaşı Ramili televizora baxmaq adı ilə evə dəvət edib:

“İlkin olaraq onlar evə gəlmək istəmədilər. Buna görə də Aysunun əlindən tutaraq evə gətirdim. Bunu görən Ramil də ardınca evə gəldi. Evə gəldikdən sonra televizoru işə saldım. Həmin vaxt küçədən maşın səsi gəldi, evə kiminsə gələcəyini ehtimal edərək Ramildən küçəyə baxmasını istədim. O da küçəyə çıxdı. Həmin vaxt Aysuya yaxınlaşaraq birinci üzündən öpdüm və “sən nə qəşəng uşaqsan” deyə bildirdim. Bundan sonra onun əynində olan şalvarı aşağı endirdim, ona qarşı intim hərəkətlər etdim. Bu vaxt Aysu mənə “get, rədd ol” deyə qışqırdı və şalvarını yuxarı qaldıraraq otaqdan çıxdı. Küçədə gözləyən qardaşı ilə birlikdə qaçaraq oradan uzaqlaşdılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 20-25 dəqiqədən sonra Aysunun anası Elmira onun evinə gəlib:

“O, “qızıma qarşı niyə əxlaqsız hərəkətlər etmisən” deyə qışqırdı və üzərimə hücum edərək üz və baş nahiyəmə yumruqla zərbə vurdu. Ona “səhv etmişəm, bir də etmərəm, deyə söz verirəm” deyə cavab verdim”.

İş üzrə zərərçəkmiş Aysunun sözlərinə görə, anası və qardaşı ilə birlikdə yaşayır, orta məktəbin 2-ci sinfində təhsil alır:

“Oktyabrın 19-da, saat 17 radələrində yaşadığım evin qarşısında küçədə qardaşım ilə oynayarkən qonşu Elşən adlı şəxs yaxınlaşaraq öz mobil telefonunda konturunun olmadığını dedi və telefonu ilə arvadına zəng etmək istədiyini dedi. Mən də özümə məxsus olan mobil telefonu ona verdim. O, arvadına zəng vurdu və danışdıqdan sonra telefonu mənə qaytardı. Bir qədər sonra Elşənin yoldaşının mobil nömrəsindən mənə votsap vasitəsilə zəng gəldiyini gördüyüm üçün telefonu apararaq ona verdim. O, danışdıqdan sonra yenidən telefonu geri qaytardı”.

Aysu qeyd edib ki, daha sonra küçəyə qayıdaraq qardaşı ilə oynamağa davam edib:

“Bu zaman Elşən yaxınlaşaraq bizi televizora baxmağa dəvət etdi. Mən isə istəmədiyimi dedim. Bundan sonra o, mənim və qardaşımın əlindən tutaraq bizi evə apardı. Evdə bizdən başqa heç kim olmayıb. Elşən bizdən çay içmək istəyib-istəmədiyimizi soruşdu. Biz də çay içmək istəmədiyimizi dedik. Daha sonra Elşən qardaşıma dedi ki, çıx, küçəyə bax, gör arvad gəlir. Ramil çölə çıxdıqdan sonra Elşən gələrək şalvarımı aşağı çəkdi və mənə qarşı pis hərəkətlər etdi. Ramil çölə baxaraq qayıtdıqdan sonra Elşən onu yenidən küçəyə baxmağa göndərdi. Bundan sonra Elşən mənə qarşı iyrənc hərəkətlər etməyi təklif etdi. Mən də onun dediklərini etmədim və rədd olmasını söylədim. Daha sonra evdən getmək istəyən zaman Elşən qolumdan və qıçlarımdan tutduğu üçün canım ağrıdı”.

Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərib ki, Elşən ona baş verənlər barədə anasına deməməsini tapşırıb. Onun sözlərinə görə, evdən çölə qaçıb və qardaşı Emilə deyib ki, bu pis əmidir, qaçaq burdan. O, əlavə edib ki, evə gedərək baş verənləri anasına bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az