Mətbəxdə istifadə olunan və almağa dəyər çoxsaylı texnikalar var. Mikserlər, mətbəx kombaynları, toster-sobalar, təzyiqli bişiricilər, blenderlər, multibişiricilər və hava fritözləri bu siyahının yalnız bir hissəsidir. Lakin bir müddət sonra mətbəxdə həm stolüstü səthdə, həm də şkaflarda yer azalır və insan istər-istəməz hansı cihazın həqiqətən faydalı olduğunu düşünür.
Demokrat.az "AllRecipes"ə istinadən xəbər verir ki, yaxşı bişmiş düyünü sevən və yapışqan, dadsız düyüdən bezənlər üçün isə aşpazların da istifadə etdiyi bir cihaz var. Məhz bu cihaz sayəsində restoranlarda düyü demək olar ki, həmişə ideal alınır.
"108 Asian Cookies" kitabının müəllifi Ket Lyu bildirib ki, ABŞ-dakı Şərqi Asiya və Yaponiya restoranlarında düyü, bir qayda olaraq, düyübişirən cihazlarda hazırlanır. O, müxtəlif düyü yeməkləri hazırlamaq üçün özünün sınaqdan keçirdiyi düyübişirəndən istifadə edir və evdə də iki gündən bir düyü bişirir.
Düyübişirənin üstünlüyü nədir?
Əvvəla, bu cihaz təxminləri aradan qaldırır. İstehsalçının təlimatlarına əməl etdikdə və keyfiyyətli düyübişirənin komplektinə daxil olan ölçü stəkanından istifadə etdikdə hər dəfə yaxşı nəticə əldə etmək mümkündür.
Lyu əlavə edib ki, alqoritm və ya süni intellekt proqramı ilə təchiz edilmiş düyübişirənlərdə bişirmə müddəti cihazda qalan suyun miqdarına uyğun tənzimlənir. Beləliklə, sulu və ya tam bişməmiş düyü problemi aradan qalxır.
Bu funksiyalar düyünü ocaqda bişirmə ilə müqayisədə daha sabit nəticə verir. Çünki qazanda bişirilən düyünün nəticəsi istifadə olunan qazanın növündən və istilik səviyyəsindən asılı olaraq dəyişə bilər.
Keyfiyyətli düyübişirən almaq üçün mütləq böyük məbləğ xərcləmək lazım deyil. Yaxşı rəylərə malik marka seçmək və ehtiyacınıza uyğun tutumu olan cihaz almaq kifayətdir. Lyu yalnız bir neçə düyməsi olan modellər əvəzinə daha çox funksiyaya malik düyübişirənə üstünlük verməyi məsləhət görür. Bəzi büdcə modellərində yalnız "başlat/dayandır" və ya "isti saxlama" düyməsi olur.
Aşpazın düyübişirəndən istifadə məsləhətləri
Sadə səslənsə də, cihazın təlimatını oxumaq və istehsalçının göstərişlərinə əməl etmək düyünün keyfiyyətinə ciddi təsir göstərə bilər. Lyu düyübişirəndən düzgün istifadə üçün bir neçə əlavə məsləhət də verib:
* Tövsiyə olunan nisbətlərə əməl edin. Düyübişirənin komplektində olan ölçü stəkanından istifadə edin. Lyu hər bir düyü növü üçün nə qədər su əlavə edilməli olduğunu müəyyənləşdirərkən cihazın daxili qabındakı ölçü xətlərinə və istehsalçının tövsiyələrinə ciddi əməl etdiyini bildirib. * Heç vaxt metal mətbəx alətlərindən istifadə etməyin. Bu, düyübişirənin daxili qabını zədələyə bilər. Əksər modellərlə birlikdə düyünü götürmək üçün plastik qaşıq və ya spatula təqdim olunur. * Düyüyə düzgün qulluq edin. Lyu düyünü bişirməzdən əvvəl həmişə yaxalamağı və bişdikdən dərhal sonra spatula ilə yüngülcə qarışdıraraq dənələri ayırmağı məsləhət görür. * Prosesi çətinləşdirməyin. Yaxşı düyü üçün əlavə məhsullara ehtiyac yoxdur. Lyu düyüyə yağ və ya duz əlavə etmək kimi üsullardan imtina etməyi tövsiyə edir: "Bütün bu əlavə şeyləri, məsələn, düyüyə yağ və ya duz əlavə etməyi unudun. Bunların heç birinə ehtiyacınız yoxdur. Düyü makaron deyil".
Jalə Demokrat.az


