"Volvo" avtomobillərin bir-biri ilə birbaşa məlumat mübadiləsi aparmasına imkan verən bağlantılı təhlükəsizlik sistemini üç elektrikli modelinə gətirir. Sensor və kameralar vasitəsilə müəyyən edilən təhlükələr eyni marşrutdan istifadə edən digər avtomobillərə real vaxt rejimində ötürüləcək.
Demokrat.az xəbər verir ki, "Volvo" elektrikli avtomobillərindəki bağlantılı təhlükəsizlik texnologiyasını yeni funksiyalarla genişləndirir. Şirkət yoldakı təhlükələrin avtomobillər arasında paylaşılmasına imkan verən sistemi EX90, ES90 və EX60 modellərində tətbiq edəcəyini açıqlayıb.
Yeni sistem "Google Maps" və ya "Waze" kimi istifadəçilərin təhlükələri əl ilə bildirməsinə əsaslanmır. Bunun əvəzinə bağlantılı "Volvo" avtomobilləri sensor və kameralar vasitəsilə ətrafdakı potensial təhlükələri müəyyən edərək əldə etdikləri məlumatları birbaşa digər avtomobillərlə paylaşa biləcəklər. Avropa, ABŞ və Kanadadakı bağlantılı "Volvo" parkından əldə edilən məlumatlar sistemin əsasını təşkil edir.
"Volvo" avtomobili yolda təhlükə aşkar etdikdə onun yerləşmə məlumatları avtomatik olaraq serverlərə ötürülür. Eyni marşrutdan istifadə edən digər avtomobillərə isə real vaxt rejimində xəbərdarlıq göndərilir.
Bu prosesin işləməsində bulud bağlantısı və xəritə məlumat bazası əsas rol oynayacaq. Beləliklə, bir avtomobilin qarşılaşdığı təhlükə qısa müddət sonra həmin yoldan istifadə edəcək digər "Volvo" sürücüsünə çatdırıla biləcək.
Dörd fərqli təhlükə barədə xəbərdarlıq
"Volvo"nun bağlantılı təhlükəsizlik sistemi çərçivəsində sürücülərə dörd əsas kateqoriya üzrə real vaxt bildirişləri təqdim ediləcək. Bunlara iri heyvanlar, piyadalar və velosipedçilər kimi həssas yol istifadəçiləri, yol işləri və yol-nəqliyyat hadisələri daxildir.
"Volvo"nun bağlantılı təhlükəsizlik funksiyasına malik avtomobil parkı da kifayət qədər genişdir. Şirkət yol şəbəkəsində bu texnologiya ilə təchiz edilmiş 1 milyon avtomobilə çatdığını bildirir. İstehsalçı topladığı məlumatları yol hərəkətinin idarəetmə mərkəzləri və digər avtomobil markaları ilə paylaşaraq sistemin əhatə dairəsini daha da genişləndirir.
"Volvo" EX90 modeli üçün daha bir funksiyanı da istifadəyə verəcəyini açıqlayıb. "Apple CarPlay" istifadə edən sürücülər salon daxilində çoxölçülü səs təcrübəsi yaradan məkan səsi dəstəyindən yararlana biləcəklər.
Jalə Demokrat.az


