Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün qidalanmaya diqqət etmək vacibdir. Diyetoloqların fikrincə, bu baxımdan xüsusilə kaliumla zəngin meyvələr faydalı ola bilər.
Demokrat.az "Parade"yə istinadən xəbər verir ki, dörd dietoloq arterial təzyiqi nəzarətdə saxlamaq üçün ən faydalı meyvənin hansı olduğunu açıqlayıb. Mütəxəssislərin hamısı eyni meyvənin – bananın adını çəkib.
Diyetoloq Lori Raytın sözlərinə görə, kalium ürək sağlamlığı üçün əsas minerallardan biridir. O, böyrəklərin artıq natriumu orqanizmdən çıxarmasına və qan damarlarının rahatlamasına kömək edir. Hər iki proses qan təzyiqinin normal səviyyədə saxlanmasına müsbət təsir göstərə bilər.
Niyə məhz banan?
ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatına görə, orta ölçülü bir bananda təxminən 422 milliqram kalium var. Diyetoloqlar bildirirlər ki, insanların böyük hissəsi gündəlik qidalanmada kifayət qədər kalium qəbul etmir.
Mütəxəssislərin fikrincə, bananın tərkibindəki kalium və maqnezium damarların divarlarının gərginliyini azaltmağa və qan dövranını yaxşılaşdırmağa kömək edə bilər. Bundan əlavə, banandakı antioksidantlar iltihabın azalmasına və damarların qorunmasına müsbət təsir göstərə bilər.
Banan həmçinin liflə zəngindir. Diyetoloqlar vurğulayırlar ki, duzlu qəlyanaltılar, şirniyyat və rafinə edilmiş karbohidratların əvəzinə meyvə seçilməsi ümumi qidalanma keyfiyyətini yaxşılaşdırır. Bu isə qan təzyiqinə uzunmüddətli müsbət təsir göstərə bilər.
Gündə nə qədər banan yemək olar?
Mütəxəssislər qan təzyiqini azaltmaq üçün konkret “banan dozası” olmadığını bildirirlər. Bununla belə, gündə bir orta ölçülü banan əksər insanlar üçün rasiona daxil edilə biləcək uyğun miqdar hesab olunur.
Diyetoloqlar qeyd edirlər ki, yalnız bir məhsula güvənmək olmaz. Sağlam qidalanma ümumi şəkildə balanslı olmalı, rasionda kaliumla zəngin digər məhsullar da yer almalıdır. Bunlara qarpız, çuğundur, brokoli, portağal, avokado, kartof, yarpaqlı tərəvəzlər və paxlalılar daxildir.
Başqa hansı meyvələr faydalıdır?
Diyetoloqlar banandan əlavə bir sıra meyvələrin də qan təzyiqinə müsbət təsir göstərə biləcəyini deyirlər:
* Giləmeyvələr – damarların fəaliyyətini dəstəkləyən antioksidantlarla zəngindir; * Kivi – kalium, C vitamini və antioksidantlarla zəngindir; * Portağal – kalium və C vitamini hesabına damarların normal fəaliyyətinə kömək edə bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qan təzyiqinə təkcə bir məhsul deyil, ümumi qidalanma və həyat tərzi təsir edir.
Jalə Demokrat.az


