Maraqlı Özəl

Payızda bu cinslər dəbdə olacaq — 50-80-ci illərin trendləri qayıdır

Payızda bu cinslər dəbdə olacaq — 50-80-ci illərin trendləri qayıdır

2026-cı ilin payızında cins şalvar dəbində əsas istiqamət həddindən artıq geniş və formasız modellərdən daha strukturlaşdırılmış siluetlərə keçid olacaq.

Demokrat.az xəbər verir ki, dizaynerlər 50-ci və 80-ci illərin estetikasından ilhamlanan modelləri müasir üslubda təqdim edirlər.

Son illərdə yumşaq və elastik cinslər üstünlük təşkil etsə də, yeni mövsümdə daha qalın, formasını yaxşı saxlayan və demək olar ki, elastik olmayan denim parçalar ön plana çıxacaq. Düz kəsimli, “cigarette”, yüksək belli yüngül daralan, “balloon” və orta həcmli “boyfriend” modelləri trend olacaq.

“Cigarette” modeli - 50-60-cı illərin dəbindən qayıdan əsas trendlərdəndir. Düz və topuğa doğru bir qədər daralan bu model nə klassik “skinny”, nə də həddindən artıq geniş cinslərə üstünlük verənlər üçün uyğun seçim sayılır.

“Balloon” cinslər - isə 80-ci illərin iri və yumru siluetlərini xatırladır. Bu modeli daha müasir göstərmək üçün sadə üst geyimlər və zərif ayaqqabılarla kombin etmək tövsiyə olunur.

Daha cəsarətli seçim axtaranlar üçün "acid wash", yəni mərmər naxışlı turşu yuyulması effektinə malik cinslər dəbdə olacaq. Belə modelləri ağ köynək və ya futbolka, iri blazer və dəri gödəkçə ilə tamamlamak mümkündür.

Eyni zamanda, həddindən artıq cırıq və köhnə görünüşlü cinslər əvvəlki populyarlığını itirir. Kiçik cızıqlar və ölçülü şəkildə tətbiq edilmiş köhnəltmə effektləri daha aktual hesab olunur.

Mütəxəssislər payızda cinsləri "Mary Jane" ayaqqabıları, kitten heel dabanlı tuflilər, loaferlər, dəri mullar və krossovkalarla kombin etməyi məsləhət görürlər.

Beləliklə, 2026-cı ilin payızında denim dəbinin əsas qaydası daha az formasızlıq, daha çox struktur olacaq. Retro üslub müasir kəsimlərlə birləşdiriləcək, həddindən artıq dekor və cırıq detallar isə yerini daha səliqəli və düşünülmüş dizayna verəcək.

Jalə Demokrat.az

D
demokrat.az