Qəhvənin gündəlik qəbul edilə bilən miqdarı insanın kofeinə fərdi həssaslığından asılıdır. Mütəxəssisin sözlərinə görə, sağlam böyüklər üçün gündə 400 milliqrama qədər kofein adətən təhlükəsiz hesab olunur.
Demokrat.az "Unian"a istinadən xəbər verir ki, orta hesabla bir fincan espressoda təxminən 100 milliqram kofein olur. Buna görə də sağlam insanlar üçün gündə 3, maksimum 4 porsiya espresso tövsiyə edilir. Bununla belə, əsas meyar fincanların sayı deyil, gün ərzində qəbul edilən ümumi kofein miqdarıdır.
Yuxu problemi və ya yüksək təzyiqi olan şəxslərə isə qəhvə qəbulunu gündə 1-2 fincanla məhdudlaşdırmaq məsləhət görülür.
Həddindən artıq qəhvə nəyə səbəb ola bilər?
Kofeinə həssas insanlarda çox qəhvə içmək narahatlıq, ürəkdöyünmə, əllərdə titrəmə və baş ağrısına səbəb ola bilər. Mütəmadi olaraq yüksək miqdarda kofein qəbul etmək isə yorğunluğu müvəqqəti gizlədə və orqanizmin real ehtiyaclarını hiss etməyə mane ola bilər.
Mütəxəssis yeniyetmələrə kofeinli qəhvə qəbulunu tövsiyə etmir. Kofein onların yuxusuna, sinir və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Qəhvəni günün hansı saatında içmək daha yaxşıdır?
Qəhvənin günün birinci yarısında içilməsi məsləhət görülür. Kofein orqanizmdən uzun müddət ərzində xaric olduğundan günün ikinci yarısında qəbul edilən qəhvə yuxunun keyfiyyətini pisləşdirə bilər.
Mütəxəssis qəhvəni oyanan kimi və acqarına içməməyi, əvvəlcə səhər yeməyi yeməyi tövsiyə edir. Onun fikrincə, qəhvə üçün ən uyğun vaxt təxminən 10:00-11:00, növbəti fincan üçün isə 14:00-15:00 aralığıdır.
Kofeinə qarşı yüksək həssaslığı olan, qəhvə içdikdən sonra güclü narahatlıq və titrəmə yaşayan şəxslərə isə kofeinsiz qəhvə seçmək məsləhət görülür. Hipertenziv kriz və bəzi nevroloji və psixonevroloji xəstəliklər zamanı qəhvə qəbulundan çəkinmək, sonrakı mərhələdə isə yalnız həkim məsləhəti ilə içmək lazımdır.
Jalə Demokrat.az


