Çay və göl kimi təbii su hövzələrində üzmək dəri problemləri və bəzi bağırsaq xəstəlikləri riskini artıra bilər. Alimlərin apardığı geniş araşdırmada xüsusilə suyun tərkibindəki E. coli bakteriyasının diqqətə alınmasının vacibliyi vurğulanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Araşdırmada Macarıstanda iki çay və iki göldə çimən 2 368 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: bir qrup 10 dəqiqə suda olub və ən azı üç dəfə üzünü suya salıb, digər qrup isə sahildə qalıb.
Tədqiqatçılar su nümunələrində E. coli, bağırsaq enterokokları və somatik kolifagların səviyyəsini ölçüblər. Bir həftə sonra iştirakçıların sağlamlıq vəziyyəti qiymətləndirilib.
Nəticələrə görə, çimənlərin 2,7 faizində səpgi, qaşınma və ya dəri yaraları müşahidə olunub. Suya girməyənlər arasında bu göstərici 1,3 faiz təşkil edib. Beləliklə, açıq su hövzələrində çimənlərin dəri problemləri ilə üzləşmə ehtimalı iki dəfədən çox olub.
Bağırsaq problemləri isə çimənlərin 2,1 faizində, sahildə qalanların isə 1,9 faizində qeydə alınıb. Ümumilikdə çimməyin özü bağırsaq xəstəlikləri riskini statistik baxımdan əhəmiyyətli dərəcədə artırmayıb. Lakin suda E. coli və kolifagların yüksək konsentrasiyası olduqda riskin nəzərəçarpacaq dərəcədə artdığı müəyyən edilib.
Dəri problemlərinin səbəbi hələ məlum deyil
Tədqiqatçılar dəri problemlərinin E. coli və digər fekal çirklənmə göstəriciləri ilə əlaqəsini müəyyən edə bilməyiblər.
Tədqiqatın rəhbəri, Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter mümkün səbəblər arasında serkariya dermatitini – quş parazitlərinin insan dərisinə daxil olması nəticəsində yaranan reaksiyanı göstərib. Suda olan yosunların da dərini qıcıqlandıra biləcəyi ehtimal edilir.
Alimlər həmçinin çimənlər arasında tənəffüs yolları, qulaq və göz infeksiyalarının daha çox müşahidə edildiyini bildiriblər. Lakin bu hallar üzrə nəticə çıxarmaq üçün kifayət qədər məlumat toplanmayıb.
Alimlər suyun keyfiyyətinə nəzarətin gücləndirilməsini istəyir
Araşdırmanın nəticələri Ümumdünya Səhiyyə Təşkilatının şirin suların keyfiyyətinə dair yeni tövsiyələri fonunda xüsusi əhəmiyyət daşıyır.
Pol Hanterin sözlərinə görə, yeni yanaşmada əsas diqqət bağırsaq enterokoklarına yönəldilsə də, araşdırma E. coli ilə sağlamlıq riskləri arasında əlaqə olduğunu göstərib. Buna görə alim hesab edir ki, E. coli yenidən şirin suların təhlükəsizliyinin qiymətləndirilməsində əsas göstəricilərdən biri olmalıdır.
Tədqiqat Macarıstanda aparılsa da, alimlər nəticələrin digər ölkələr üçün də aktual ola biləcəyini düşünürlər. Bununla belə, araşdırmanın məhdudiyyətləri olduğu və daha geniş tədqiqatlara ehtiyac qaldığı vurğulanır.
Jalə Demokrat.az


