Azərbaycanın bank sektorunda aktivlərin artımı davam edir. Bəs Azərbaycan bank sektorunun aktivlərinin 9,5% artaraq 61 milyard manata yaxınlaşması hansı amillərlə bağlıdır? Bu artım əhali və biznes üçün kreditlərin daha da əlçatan olması baxımından nə vəd edir və bank sektorunda hansı risklər yarada bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bank aktivlərinin artması son zamanlar bankların daha çox depozit qəbul etməsi, xüsusilə də hüquqi şəxslərin banklarda yerləşdirdiyi vəsaitlərin artması ilə bağlıdır.
Onun sözlərinə görə, hüquqi şəxslər müəyyən hallarda öz vəsaitlərini banklarda depozit kimi saxlamağa üstünlük verirlər:
“Bunun səbəbi həmin vəsaitlərdən dərhal istifadə etməmələri və biznes fəaliyyətlərini genişləndirmək üçün müəyyən müddət gözləmələridir.
Bu vəziyyəti bank sektoru üçün risk kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, bankların aktivlərinin və likvid vəsaitlərinin artması onların maliyyə dayanıqlığı baxımından müsbət göstərici hesab oluna bilər.
Bankın kifayət qədər likvid vəsaitə malik olması onun öhdəliklərini vaxtında yerinə yetirmək imkanlarını artırır və maliyyə sabitliyi baxımından müəyyən üstünlüklər yaradır.
Lakin burada başqa bir məsələ də diqqət çəkir. Banklarda likvidliyin və ümumi aktivlərin artması həmin vəsaitlərin iqtisadiyyata, xüsusilə biznes sektoruna nə dərəcədə yönəldilməsi sualını ortaya çıxarır.
Əgər banklarda vəsait artır, amma bu vəsaitlərin mühüm hissəsi istehsal və biznes kreditlərinə çevrilmirsə, o zaman bank sektorundakı artımın real iqtisadi aktivliyə təsiri məhdud qala bilər.
Son dövrdə istehlak kreditlərində artım müşahidə olunsa da, biznes kreditlərində, xüsusilə istehsala yönəldilən kreditlərdə eyni dinamikanı görmək çətindir. Bu isə yalnız bankların kredit siyasəti ilə bağlı deyil.
Burada iqtisadi aktivliyin səviyyəsi, sahibkarların yeni investisiyalara marağı, biznes layihələrinin gəlirliliyi və kreditlər üzrə risklərin qiymətləndirilməsi kimi amillər də rol oynayır.
Əgər iqtisadi aktivlik zəifdirsə və sahibkarlar yeni layihələrə sərmayə qoymaqda ehtiyatlı davranırlarsa, bankların biznes kreditləşməsini əhəmiyyətli dərəcədə artırması da çətinləşir. Çünki bank üçün əsas məsələ yalnız kredit vermək deyil, verilən kreditin geri qaytarılmasını və layihənin dayanıqlılığını da təmin etməkdir.
Bu baxımdan, bank aktivlərinin artması bir tərəfdən sektorun dayanıqlılığı və likvidliyi baxımından müsbət haldır. Digər tərəfdən isə həmin aktivlərin iqtisadiyyatın real sektoruna nə qədər effektiv şəkildə yönəldilməsi mühüm məsələ olaraq qalır.
Banklarda vəsaitlərin artması ilə yanaşı, biznes və investisiya kreditlərinin də artması iqtisadi aktivliyin genişlənməsi baxımından daha əhəmiyyətli nəticə verə bilər.
Ona görə də əsas diqqət yalnız bank aktivlərinin nə qədər artmasına deyil, bu aktivlərin hansı istiqamətlərə yönəldilməsinə verilməlidir. Əgər vəsaitlər əsasən depozitlərdə və ya istehlak kreditlərində qalırsa, bunun iqtisadi artıma təsiri biznes və istehsal kreditlərinin genişlənməsi ilə müqayisədə daha məhdud ola bilər.
Bu nöqteyi-nəzərdən, bank aktivlərinin artması müsbət göstərici olsa da, paralel olaraq biznes kreditlərinin və xüsusilə istehsala yönəldilən maliyyələşmənin də artması vacibdir”, - deyə Natiq Cəfərli fikrini tamamlayıb.


