Quba rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1966-cı il təvəllüdlü Mehdi birgə yaşadıqları evdə arvadı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaqın gəldiyi nəticəyə görə, onların arasında mübahisənin yaranmasına səbəb Züleyxanın ərinə spirtli içki qəbul etməsini irad bildirməsi olub. Bu səbəbdən yaranmış mübahisə zamanı 60 yaşlı kişi arvadının baş nahiyəsindən yumruqla vuraraq ona xəsarətlər yetirib.
Mehdiyə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib.
İş üzrə izahat verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1988-ci ildə Züleyxa ilə evlənib və həmin nikahdan 3 övladı olub:
“Evlilik müddətində bizim münasibətimiz yaxşı olub. Lakin son bir-iki ildir ki, Züleyxa mənim hər sözümə evdə kobud cavab qaytarıb və səbəbsiz yerə mübahisə edib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 22 radələrində içkili vəziyyətdə evə gəlib:
“Züleyxa mənimlə içki içdiyimə görə mübahisə etməyə başladı. Mən bu hərəkətindən əsəbləşərək yumruqla onun başına vurdum. Həmin vaxt oğlum gələrək bizi ayırdı”.
Quba Rayon Məhkəməsinin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərini bağışlayıb, ona qarşı şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


