Baş nazir Nikol Paşinyanın kabineti tərəfindən hazırlanmış 2026–2031-ci illər üzrə hökumət proqramı 63 lehinə və 24 əleyhinə səslə qəbul edilib.
Demokrat.az xəbər verir ki, Ermənistan parlamenti hökumətin Azərbaycanla sülhün möhkəmləndirilməsini, Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını və region ölkələri ilə əlaqələrin genişləndirilməsini nəzərdə tutan beşillik proqramını təsdiqləyib.
Bu, iyun seçkilərində qalib gələn Paşinyanın ölkənin yeni siyasi kursunu müəyyənləşdirdiyi “Real Ermənistan” konsepsiyasına əsaslanır.
Proqramın əsas məqamlarından biri Azərbaycanla sülhün “möhkəmləndirilməsi və daha da institusionallaşdırılması”dır. Hakimiyyət həmçinin Türkiyə ilə diplomatik əlaqələr qurmağı və regiondakı digər dövlətlərlə münasibətlərin normallaşdırılması prosesini davam etdirməyi nəzərdə tutur.
Sənəddə vurğulanır ki, Ermənistan “balanslaşdırılmış və qarşılıqlı tarazlaşdırıcı xarici əlaqələr” siyasəti yürüdəcək. Bu yanaşma müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələrin eyni vaxtda inkişaf etdirilməsini nəzərdə tutur.
Hökumətin xarici siyasət hədəflərinə Avropa İttifaqı və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, Rusiya ilə münasibətlərin transformasiyası və inkişafı, həmçinin İran, Çin və Hindistanla əlaqələrin gücləndirilməsi daxildir.
Proqramda həmçinin sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məqsədlər müəyyən edilir; İrəvan bu məqsədləri regional əməkdaşlığın inkişafı və balanslı xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqələndirir.


