Bakının Xəzər rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində baş verib. 1940-cı il təvəllüdlü İdayət həmin ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən həmin evdə yaşayan oğlu Müşfiqlə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisə oğlunun işləmək istəməməsi və onun təqaüdü ilə dolanmasına görə yaranıb. Aralarında yaranmış mübahisə zamanı əsəbiləşən İdayət oturduğu qonaq otağından Müşfiqin olduğu yataq otağına keçib və əlindəki bıçaqla onun döş qəfəsinin sol tərəfinə bir dəfə zərbə vurub.
İdayətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İdayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, göstərib ki, oğlu Müşfiqlə birlikdə yaşayır:
“Həyat yoldaşım rəhmətə gedib. Oğlum Müşfiq subaydır. Mənim 4 övladım olub. Onlardan bir qızım rəhmətə gedib. Hazırda iki oğlum, bir qızım var. Mən əvvəllər məhkum edilməmişəm. Oğlum Müşfiqlə yaşadığımız ünvanda daimi olaraq spirtli içkilərdən istifadə edirik. Oğlum Müşfiq heç bir yerdə işləmir. O da hazırda təqaüdçüdür. Müşfiqlə daimi mübahisələrimiz olub. Oğlum məndən yaşadığımız evi satmağımı, həmin evin pulundan ona 30 000 manat verməyimi tələb edib. Həmin pulla özünə maşın alacağını bildirib. Mən isə ona etiraz etmişəm. Bundan sonra Müşfiq ünvanıma nalayiq ifadələr işlədib”.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü, təxminən saat 22 radələrində evdə Müşfiqlə spirtli içki qəbul edib və sonra stolun kənarında oturaraq alma yeyib:
“Əlimdə məişət təyinatlı bıçaq var idi. Həmin bıçaqla alma doğrayaraq yeyirdim. Bu zaman Müşfiq həmin otaqdan bayıra çıxdı. Bir müddət sonra həmin otağa daxil olaraq ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Müşfiq spirtli içki qəbul edəndə ağzından çıxanı bilməyib, mənə qarşı nalayiq ifadələr işlədib. Bundan sonra Müşfiqə irad bildirərək onu söydüm. Müşfiqin arxasınca gedərək onun yataq otağına daxil oldum. Əlimdə bıçaq var idi. Bu zaman Müşfiq məni görərək yenə nalayiq ifadələr işlətdi. Müşfiqin bədəninə təxminən 3-4 dəfə xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Müşfiq onun əlindən çıxaraq qaçmağa başlayıb:
“Mən onun arxasınca çıxdım və əlimdəki bıçağı onun arxasınca atdım. Bundan sonra Müşfiq küçə qapısından çıxaraq qaçdı. Bir müddət sonra Müşfiq evə qayıdaraq mənə təcili yardıma xəbər verməyimi istədi. Telefondan istifadə edə bilmədiyimə görə özü məlumat verdi. Bir müddətdən sonra təcili tibbi yardım gəldi və həkimlər Müşfiqin vəziyyətini görərək dərhal polisə məlumat verdilər. Polis əməkdaşları hadisə yerinə gələrək araşdırmağa başladılar”.
Təqsirləndirilən şəxs bildirib ki, onunla Müşfiq arasında mübahisə və dalaşma təxminən 20-25 dəqiqə davam edib:
“Müşfiqə xəsarət yetirməkdə məqsədim onu qorxudaraq düzəlməsi üçün tənbeh etmək olub. Onu öldürmək məqsədim olmayıb”.
Məhkəmədə ifadə verən zərərçəkmiş Müşfiq bildirib ki, təqsirləndirilən şəxs onun atasıdır və hadisə baş verən gün atası ilə birlikdə spirtli içki qəbul ediblər:
“Atamla mübahisə etmişəm. Bir-birimizə nalayiq sözlər demişik. Atamın əlində bıçaq olub, sonra atamın məni bıçaqla vurduğunu hiss etmişəm. Daha sonra təcili tibbi yardım çağırdım və xəstəxanaya getdim”.
Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, heç vaxt ailəli olmayıb, anası isə 2012-ci ildə rəhmətə gedib:
“Bacım Şəfa və qardaşım Mikayıl isə bizdən ayrı yaşayırlar. Onların bizimlə münasibəti yaxşı deyil. Əvvəllər məhkum olunmamışam. Hazırda heç bir yerdə çalışmıram. Atamın dövlətdən aldığı təqaüd ilə dolanırıq”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 22 radələrində evdə olub və atası İdayətlə birlikdə spirtli içki qəbul edib:
“Daha sonra öz otağıma keçdim, “TikTok” sosial şəbəkəsində bəzi videolara baxdım. Bu zaman atam əsəbi halda otağıma daxil oldu. Mən onun əlində heç bir əşya görmədim. Atam mənimlə yenidən işləməməyimlə bağlı mübahisə etməyə başladı. Aramızda tez-tez işləməməyimlə bağlı mübahisələr baş verir. Mən yenidən atama səhhətimin imkan vermədiyi üçün işləmədiyimi bildirdim. Bu zaman anidən atam sağ əli ilə bədənimin sol nahiyəsinə zərbə endirdi. Bundan sonra yenidən mənə xəsarət yetirmək istədi. Bu vaxt onu itələdim. Mən yatağın üzərində oturdum və əlimlə yaramın üstünü sıxdım”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdayət 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilib, 2 il sınaq müddəti müəyyən edilib.


