Astara rayonunda 20 yaşlı oğlan həmcinsini intim yazışmaları ilə şantaj edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2006-cı il təvəllüdlü Rauf 2025-ci ilin fevral–mart aylarında “Facebook” sosial şəbəkəsində qadın adı ilə hesab açıb, özünü qadın kimi təqdim etməklə kişi cinsindən olan şəxslərin intim yazışmalarını əldə edib.
O, gələcəkdə həmin yazışmaları yaymaqla hədələyərək qazanc əldə etmək məqsədilə həmin ilin avqust ayında Astara rayonunun qəsəbələrindən birində olarkən sosial şəbəkədə hesab açıb və Fuadla (adlar şərtidir – red.) özünü qadın kimi təqdim edərək yazışıb.
Rauf Fuadın intim yazışmalarını əldə etdikdən sonra “WhatsApp” ani mesajlaşma tətbiqində istifadə etdiyi mobil nömrədən ona zəng edib, özünü telefon ustası kimi təqdim edərək intim yazışmaların əlində olduğunu bildirib.
İstintaq sənədlərinə görə, Rauf həmin yazışmaları sosial şəbəkədə paylaşacağı və yaxın tanışları arasında yayaraq Fuadı rüsvay edəcəyi ilə hədələyib, ondan bu məqsədlə pul tələb edib. Fuad rüsvay olacağından qorxaraq həmin tələbi yerinə yetirib və həmin ilin müxtəlif vaxtlarında bir neçə dəfəyə Raufa ümumilikdə 720 manat verib.
Raufun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rauf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 2025-ci ilin fevral–mart aylarında “Facebook” sosial şəbəkəsində qadın adı ilə profil hesabı açıb, internetdən yüklədiyi qadın şəkillərini yerləşdirərək Fuadla yazışmağa başlayıb:
“Fuadla bir müddət yazışdıqdan sonra sosial şəbəkələrdə qadın səsi ilə səsli mesajlar yazaraq ona göndərdim, özümün qadın olmağıma onu inandırdım. Bunu etməkdə məqsədim ondan pul almaq olub”.
Təqsirləndirilən şəxs deyib ki, hətta bunun üçün özünə məxsus mobil nömrənin “WhatsApp” tətbiqində də Fuadla intim söhbətlər etməyə başlayıb:
“Mən Fuadla qız adı ilə təxminən 1-2 ay danışdım. Daha sonra Fuad görüşməyi təklif etdi. Lakin görüşün mümkün olmayacağını bildiyim üçün telefon ustası adı ilə onunla yazışıb, şantaj edərək pul alacağımı düşündüm. İlk dəfə özümə məxsus mobil nömrənin “WhatsApp” tətbiqində Fuada mesaj yazaraq özümü telefon ustası kimi təqdim etdim və “Facebook” sosial şəbəkəsində tanış olaraq intim mesajlar yazdığı qadının telefonunun təmirə gətirildiyini bildirdim. Fuadla olan intim mesajların skrinşotunu çəkərək ona göndərdim və həmin yazışmaların əlimdə olduğunu dedim. Həmin intim söhbətləri qohumları arasında və sosial şəbəkələrdə paylaşacağımı deyərək hədələdim. Bunu etməmək üçün 500 manat göndərməsini tələb etdim. O isə 300 manat pulunun olduğunu dedi. Mən də razılaşdım”.
Raufun ifadəsinə görə, Fuad nömrəsini xatırlamadığı bank kartı hesabına 300 manat məbləğində pul göndərib:
“Bundan sonra da Fuaddan hər dəfə ehtiyacım olanda mesaj yazaraq müxtəlif məbləğlərdə pul göndərməsini tələb etdim. Fuad da müxtəlif məbləğlərdə pul göndərdi. Mən pulları alan zaman ilk öncə hədə-qorxu gəldim. Amma sonradan yalvardım, Allah xətrinə kömək istədiyimi bildirdim. Fuad da mənə inandı və istədiyim pulu kartıma göndərdi”.
Rauf qeyd edib ki, sonuncu dəfə Fuada yenidən mesaj yazaraq hədə-qorxu ilə 200 manat göndərməsini istəyib:
“Həmin gün polis əməkdaşı zəng edərək məni polis idarəsinə dəvət etdiyi üçün Fuadla bağlı əlimdə olan bütün məlumatları sildim, mobil telefonumu tanımadığım şəxsə 80 manata satdım. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Fuadın sözlərinə görə, 2025-ci ilin fevral ayında “Facebook” sosial şəbəkəsində profilini və mobil nömrəsini xatırlamadığı qadınla tanış olub:
“Həmin qadınla münasibətlərimiz səmimiləşdi və aramızda yazışmalar oldu. Həmin ilin aprel ayında bir nəfər zəng edərək telefon ustasına təmirə gətirilən bir telefondan mənim həmin qadınla olan yazışmalarımı götürdüyünü bildirdi. Bir müddət sonra həmin şəxs “WhatsApp” vasitəsilə mesaj yazaraq həmin yazışmaları tanışlarım arasında və sosial şəbəkələrdə paylaşacağı ilə hədələdi. Bunu etməmək üçün məndən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etdi. Mən də müxtəlif vaxtlarda həmin şəxsin bildirdiyi kart hesablarına ümumilikdə 720 manat pul göndərdim. Həmin şəxsin yazdığı mesajları sildiyim üçün göndərdiyi kart nömrələrinin hamısını xatırlamamışam. Yalnız bir hesab nömrəsini xatırlayıram. Hər dəfə pul göndərərkən qarşı tərəf mənə aid yazışmaları sildiyini dedi. Mən də buna inandım”.
Zərərçəkmiş deyib ki, sonuncu dəfə həmin şəxs yenidən “WhatsApp” vasitəsilə mesaj yazaraq yazışmalar olan şəkilləri silmədiyini, pul göndərməyəcəyi təqdirdə həmin yazışmaları tanışları arasında və sosial şəbəkələrdə paylaşacağı ilə hədələyib:
“Mən də artıq vəziyyətdən bezərək həmin şəxs barəsində şikayət etmək qərarına gəldim. Bu səbəbdən 102 xidmətinə zəng edərək məlumat verdim”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Rauf 3 il 26 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


