Maraqlı Özəl

Yüksək xolesterin səssiz irəliləyir: Mütəxəssislərdən mühüm xəbərdarlıq

Yüksək xolesterin səssiz irəliləyir: Mütəxəssislərdən mühüm xəbərdarlıq

Yüksək xolesterin uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bəzi insanlarda isə problem yalnız infarkt və ya insult kimi ciddi sağlamlıq problemləri yaşandıqdan sonra aşkarlanır. Mütəxəssislər xüsusilə diabet, hipertoniya, ürək-damar və xroniki böyrək xəstəliyi olan şəxslərin mütəmadi müayinədən keçməsinin vacibliyini vurğulayırlar.

Dosent Dr. Gamze Akkuş yüksək xolesterinin əksər hallarda səssiz irəlilədiyini bildirərək, xüsusilə yanaşı xəstəlikləri olan insanlarda riskin daha yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, xolesterin göstəricilərinə mütəmadi nəzarət etmək vacibdir.

Heç bir əlamət vermədən inkişaf edə bilər

Xolesterin yüksəkliyi bəzi insanlarda uzun müddət heç bir şikayət yaratmır. Ailəvi hiperlipidemiya zamanı göz qapaqlarında və ya dəri büküşlərində yağ yığıntıları müşahidə oluna bilər. Lakin sonradan yaranan xolesterin yüksəkliyində heç bir görünən əlamət olmaya bilər.

Mütəxəssislər bildirirlər ki, bəzi xəstələr yüksək xolesterindən xəbər tutduqda artıq infarkt və ya insult kimi ciddi problemlə üzləşmiş olurlar.

Risk qrupunda olanlar diqqətli olmalıdır

Diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və xroniki böyrək xəstəliyi olan şəxslər yüksək risk qrupuna daxildir.

Ailəsində erkən yaşda ürək-damar xəstəliyi və ya ciddi xolesterin yüksəkliyi olan şəxslərə də daha erkən yaşlardan mütəmadi nəzarət tövsiyə edilir. Risk qrupunda olan insanların xolesterin səviyyələrini həkim məsləhətinə uyğun olaraq mütəmadi yoxlatdırması vacibdir. Heç bir risk faktoru olmayan şəxslərdə isə müayinələrin tezliyi yaşa və ümumi sağlamlıq vəziyyətinə görə müəyyən edilir.

Sağlam qidalanma əsas şərtlərdən biridir

Mütəxəssislərin fikrincə, xolesterinə nəzarətin ilk mərhələsi sağlam qidalanma və həyat tərzinin dəyişdirilməsidir. Bu baxımdanAralıq dənizi və DASH tipli qidalanmamodelləri tövsiyə olunur.

Gündəlik qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar, sağlam yağlar və balanslı zülal mənbələrinin artırılması, duz, doymuş yağlar və emal olunmuş qidaların isə azaldılması məsləhət görülür.

Həyat tərzində edilən dəyişikliklərə baxmayaraq xolesterin səviyyəsi kifayət qədər aşağı düşmədikdə isə həkim nəzarəti altında dərman müalicəsinə başlanıla bilər.

Leyla Demokrat.az

D
demokrat.az