Azərbaycan və Özbəkistan münasibətlərində tarixi və mədəni yaxınlığın gözəl tərəfi bu gün dövlətlərarası münasibətlərlə yanaşı, xalqların və vətəndaş cəmiyyətlərinin birbaşa təmaslarında özünü göstərməsidir.
Son illərdə Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlığın yeni mərhələyə keçməsi xüsusilə diqqətəlayiqdir. 2023-cü ildə Füzulidə keçirilən Azərbaycan–Özbəkistan QHT-lərinin I Əməkdaşlıq Forumu, 2024-cü ildə Daşkənddə təşkil olunan II Əməkdaşlıq Forumu bu istiqamətdə mühüm platformalara çevrildi. Bu tədbirlər QHT nümayəndələrinin bir-birini daha yaxından tanımasına, təcrübə mübadiləsinə, birgə layihələrin müzakirəsinə və uzunmüddətli tərəfdaşlıqların formalaşmasına imkan yaratdı.
Mənim üçün də bu münasibətlərin inkişafında xüsusi və unudulmaz məqamlardan biri Azərbaycan QHT-lərinin Özbəkistana həyata keçirdiyi səfərdə iştirak etmək olub. Daşkənddə və Səmərqənddə keçirdiyimiz görüşlər və müxtəlif QHT nümayəndələri ilə təmaslar bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər səmimiyyət, qarşılıqlı hörmət, qardaşlıq və ortaq dəyərlər xüsusi rol oynayır.
2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi, əməkdaşlığın artıq sadəcə görüş və forumlar səviyyəsində deyil, konkret ortaq fəaliyyət və konkret nəticə yönümlü mərhələyə keçdiyini göstərir.
İnanıram ki, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlıq daha da genişlənəcək. Azərbaycan və Özbəkistanın qardaşlığı – tarixin bizə miras qoyduğu dəyər olmaqla yanaşı, gələcək nəsillərə ötürməli olduğumuz böyük məsuliyyətdir.
Ramil İskəndərli, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri


