“Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə nəzərəçarpacaq dinamika nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması bu dinamikanın mühüm göstəricilərindən biridir. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon ABŞ dolları təşkil edib”.
Bu sözləri Demokrat.az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, həmin göstəricilər iki ölkənin iqtisadi potensialının tam həcmdə reallaşdırılması üçün hələ böyük imkanların mövcud olduğunu göstərir:
“Məhz buna görə də Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması strateji iqtisadi hədəf kimi qarşıya qoyulub. Hesab edirəm ki, hazırkı artım dinamikası və biznes dairələri arasında formalaşan əlaqələr bu hədəfin real və əlçatan olduğunu göstərir. İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı investisiyaların artırılması və sənaye kooperasiyasının genişləndirilməsidir. 2023-cü ildə yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan əhəmiyyətli institusional mexanizmə çevrilib. Şirkətin fəaliyyəti hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli investisiya layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün yeni imkanlar yaradır”.
İlyas Hüseynov əlavə edib ki, Azərbaycan və Özbəkistan artıq yalnız hazır məhsulların ticarəti ilə kifayətlənməməli, birgə istehsal, texnologiya transferi, əlavə dəyər zəncirlərinin yaradılması və üçüncü ölkələrin bazarlarına birgə çıxış istiqamətində fəaliyyətlərini genişləndirməlidirlər:
“Bu baxımdan avtomobil sənayesində mövcud əməkdaşlıq mühüm nümunədir. Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün platformaya çevrilə bilər. Ələt Azad İqtisadi Zonası, Azərbaycanın liman infrastrukturu, dəmir yolları və multimodal nəqliyyat imkanları Özbəkistan şirkətlərinin Qərb bazarlarına çıxışını asanlaşdıra, öz növbəsində Özbəkistanın sənaye və istehsal imkanları Azərbaycanın Mərkəzi Asiya bazarlarında mövqelərinin güclənməsinə xidmət edə bilər. Enerji sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq yalnız enerji təhlükəsizliyi baxımından deyil, həm də Türk dünyasında yeni enerji bağlantılarının formalaşdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycanın bərpaolunan enerji potensialı, Özbəkistanın enerji sistemində aparılan transformasiya və Mərkəzi Asiya ölkələrinin artan enerji tələbatı arasında sinerji yaratmaq mümkündür. Yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə regional layihələr gələcəkdə iqtisadi əməkdaşlığın yeni və yüksək texnologiyalı istiqamətlərindən birinə çevrilə bilər”.
O söyləyib ki, regionlararası əməkdaşlığın iqtisadi əlaqələrin dərinləşdirilməsində mühüm rolu var:
“Azərbaycan–Özbəkistan Regionlararası Forumunun artıq dördüncü dəfə keçirilməsi və müxtəlif şəhər və rayonların prosesə cəlb olunması əməkdaşlığın yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, regionlar və biznes subyektləri arasında da genişləndiyini göstərir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iqtisadi gündəliyin genişliyi iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsindən daha dərin iqtisadi inteqrasiya mərhələsinə keçdiyini göstərir. Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının inkişafı yalnız iki ölkənin iqtisadiyyatları üçün deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının daha sıx birləşdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların yaranmasına, Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsinə və Türk dövlətləri arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edə bilər. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri geniş regional iqtisadi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır”.


