Adananın (Türkiyə) mərkəz olduğu 6 vilayətdə ictimaiyyət arasında “Kuytulçular” kimi tanınan qrupa qarşı keçirilən əməliyyatda saxlanılan 56 şübhəlinin istintaq hərəkətləri başa çatıb. Onlardan 35-i, o cümlədən Alparslan Kuytul və həyat yoldaşı Səmra Kuytul həbs edilib. 18 şübhəli barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, 3 nəfər isə baş prokurorluq tərəfindən sərbəst buraxılıb.
Demokrat.az xəbər verir ki, Adana Respublika Baş Prokurorluğunun “Alparslan Kuytul cinayət təşkilatı” və təşkilatın maliyyə strukturuna qarşı apardığı istintaq çərçivəsində saxlanılan 56 şübhəlinin 35-i həbs olunub, 18-i barəsində məhkəmə nəzarəti qərarı verilib.
Ədliyyə naziri Akın Gürlek avqustun 19-da “NSosial” hesabında etdiyi paylaşımda ictimaiyyət arasında “Kuytulçular” kimi tanınan qrupa qarşı Adana mərkəzli 6 vilayətdə 49 ünvanda eyni vaxtda əməliyyat keçirildiyini açıqlamışdı.
Nazirin məlumatına görə, şübhəlilər barəsində “cinayət təşkilatı yaratmaq və idarə etmək”, “təşkilata üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması”, “ixtisaslı dələduzluq”, “rəsmi sənəddə saxtakarlıq” və Vergi Usul Qanununa zidd hərəkətlər maddələri üzrə hüquqi tədbirlər görülmüşdü.
İstintaq çərçivəsində təşkilatın lehinə fəaliyyət göstərdiyi müəyyən edilən 349 sosial media hesabının fəaliyyətinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edildiyi, 5 şirkətə isə idarəetmə qəyyumunun təyin olunduğu bildirilmişdi.
Vilayət Emniyyət Müdürlüğünün Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları avqustun 19-da keçirilən əməliyyat zamanı 32 şübhəlini saxlamışdı. Daha sonra 24 nəfərin də saxlanılması ilə ümumi şübhəli sayı 56-ya yüksəlmişdi.
İstintaq zamanı qrupun Seyhan rayonunun Abidinpaşa prospektində yerləşən və qrupun inzibati binası kimi istifadə etdiyi iddia olunan məkanda şifrəli qapılarla qorunan otaqların olduğu müəyyənləşdirilmişdi. Buradakı bəzi kompüterlərin sistem bloklarının aparıldığı, bəzilərinin isə sərt disklərinin çıxarıldığı aşkarlanmışdı.
Binanın ətrafındakı təhlükəsizlik kameralarının görüntülərini araşdıran hüquq-mühafizə əməkdaşları sübutları aparan şübhəliləri müəyyənləşdirib. Sonrakı araşdırmalar nəticəsində tapılan kompüter sistem blokları və sərt disklər ekspertizaya göndərilib.
Alparslan Kuytul və həyat yoldaşı Səmra Kuytulun da aralarında olduğu 56 şübhəli polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə sövq edilmişdi. Nəticədə 35 nəfər barəsində həbs qərarı çıxarılıb.


Jalə Demokrat.az


