Stiven Hokinqin 1974-cü ildə irəli sürdüyü qara dəlik nəzəriyyəsini sübut etmək istəyən tədqiqatçılar kosmosdan gələn siqnalları aydınlaşdırmaq üçün xüsusi alqoritm hazırladılar. Həmin dövrdə kosmosda gözlənilən nəticəni verməyən bu sistem illər sonra divarlardan əks olunan internet siqnallarını bərpa edərək həyatımızı dəyişdirdi.
Demokrat.az xəbər verir ki, kabelsiz cihazlarımızla bir neçə otaq məsafədən belə internetə problemsiz qoşulmağımızı təmin edən Wi-Fi texnologiyasını əslində mövcudluğu hələ sübut olunmamış kosmik hadisəni araşdıran alimlərə borcluyuq.
Proses Stiven Hokinqin 1974-cü ildə irəli sürdüyü nəzəri hesablamadan başlayıb. Hokinq kiçik qara dəliklərin buxarlanma prosesinin sonunda yüksək enerjili radio dalğaları yayacağını proqnozlaşdırmışdı.
Bu fikirdən çıxış edən bir qrup radioastronom 1970-ci illərdə proton ölçüsündə partlayan qara dəliklərdən gələ biləcək siqnalları axtarmağa başlayıb. Lakin minlərlə işıq ili uzaqdakı qaz və toz buludlarından keçərək gələn bu dalğalar aydın pik yaratmaq əvəzinə kosmosdakı fon səs-küyünə qarışaraq yayılırdı.
Problemin həllini tapmaq istəyən avstraliyalı mühəndis Con O'Sullivan və onun komandası Niderlanddakı radio teleskopları üzərində işləyərkən Sürətli Furye çevrilməsinə (FFT) əsaslanan riyazi alqoritmlər hazırlayıblar. Kosmosda hərəkət edərkən təhrif olunan və gecikən siqnalları əks istiqamətdə emal edən bu üsul mürəkkəb məlumat yığını içərisindən aydın siqnal ayırmağa imkan verib.
Araşdırmalar nəticəsində heç bir qara dəlik aşkar edilməyib. Lakin hazırlanmış riyazi vasitə radioastronomiya məlumatlarının daha aydın emal edilməsində istifadə olunmağa başlayıb.
O'Sullivan 1980-ci illərin sonlarında Avstraliya Elmi və Sənaye Tədqiqatları Təşkilatına (CSIRO) keçib. Burada o, qapalı məkanlarda kompüterləri simsiz şəbəkəyə qoşarkən yaranan “çoxşüalı yayılma” problemini araşdırıb.
Radio dalğaları divarlara, cihazlara və mebellərə dəyərək qəbulediciyə müxtəlif vaxtlarda çatırdı. Bu isə siqnalların bir-birinə qarışmasına və yüksək sürətli məlumat ötürülməsinin kəsilməsinə səbəb olurdu.
O'Sullivan Qrem Deniels, Con Din, Dithelm Ostri və Terri Persivaldan ibarət CSIRO komandası ilə birlikdə kosmik layihələr üçün hazırladıqları riyazi metodu bu problemə uyğunlaşdırıb.
Ötürülən məlumatları paralel işləyən daha yavaş alt kanallara bölən, səhvləri əvvəlcədən düzəldən və bitləri qarışdıran bu texnika 23 yanvar 1996-cı ildə ABŞ-da 5 487 069 nömrəli patentlə qeydiyyata alınıb. Sonralar bu texnologiya 802.11a və 802.11g Wi-Fi standartlarının əsasını təşkil edib.
Təbii ki, CSIRO simsiz şəbəkə sistemini təkbaşına yaratmayıb. Lakin qurum qapalı məkanlarda yüksək sürətli bağlantının sabit şəkildə davam etməsinə mane olan ən mühüm problemlərdən birini həll edib.
CSIRO “Intel”, “Dell”, “Microsoft”, “Nintendo”, “AT&T” və “Lenovo” kimi texnologiya nəhəngləri ilə patent və lisenziya müqavilələri sayəsində 430 milyon dollardan çox gəlir əldə edib.
Bu gün evlərimizdəki marşrutlaşdırıcılardan tutmuş ağıllı cihazlara qədər müxtəlif avadanlıqlarda istifadə olunan həmin alqoritm fundamental elmi araşdırmaların gündəlik həyatımızı necə dəyişdirə bildiyini göstərən maraqlı nümunələrdən biridir.
Jalə Demokrat.az


