Azərbaycan ilə Özbəkistan arasında əlaqələr son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə yeni - müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu münasibətlərin dərinləşməsində iki ölkənin dövlət başçıları — İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı sıx dialoq və şəxsi dostluq münasibətləri mühüm rol oynayır.
Dövlət başçıları arasında son 5 il ərzində 15 qarşılıqlı səfər reallaşıb. Bu dövrdə Azərbaycan Prezidentinin Özbəkistana 7 səfəri baş tutub. İki ölkə arasında 2024-cü ildə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə", 2025-ci ildə isə "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb. Ali Dövlətlərarası Şuranın yaradılması isə siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı daha sistematik xarakterə gətirib.
İki ölkə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. 2025-ci ildə ticarət həcmi 795 milyon dollara çatıb, 2026-cı ilin yanvar-may aylarında isə əlavə 33 faizlik artım qeydə alınıb. Kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyət göstərir, ölkəmizdə 130-dan çox Özbəkistan kapitalı olan şirkət qeydiyyatdadır.
Sənaye sahəsində Azərbaycanda "Chevrolet" və "Isuzu" avtomobillərinin birgə istehsalı təşkil olunub. Enerji sektorunda SOCAR-la birgə layihələr, Azərbaycan-Mərkəzi Asiya "yaşıl enerji" dəhlizi və tranzit daşımalarının artırılması istiqamətində addımlar atılır.
Mədəni diplomatiya iki ölkə arasında qardaşlıq əlaqələrinin əsas sütunlarından birini təşkil edir. Qarşılıqlı Mədəniyyət Günləri və "Şuşa Günləri" keçirilir. Daşkənddə Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti, Bakıda isə 5 hektarlıq "Özbəkistan" parkı fəaliyyət göstərir. Tələbə mübadiləsi çərçivəsində 67 Özbəkistan vətəndaşı Azərbaycanda, 176 Azərbaycan vətəndaşı isə Özbəkistanda təhsil alır.
Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasına da töhfə verib: Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəb tikilib və 100 hektarlıq "Dostluq bağı" salınıb. Bakı-Daşkənd və Şuşa-Xivə kimi şəhərlər qardaşlaşıb, Özbəkistandan Azərbaycana turist axını yüksələn xətlə davam edir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanı dərinləşdirir, Türk dünyasının siyasi, iqtisadi və hərbi gücünün artırılmasını hədəfləyirlər. Şərq-Qərb nəqliyyat marşrutlarında strateji mövqelər birləşdirilir, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası təmin olunur.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulması regionlararası əlaqələri strateji müstəviyə qaldırıb. Tərəflər həmçinin BMT, İƏT, TDT, AQEM və Qoşulmama Hərəkatı platformalarında bir-birini fəal şəkildə dəstəkləməyə davam edirlər.
View this post on Instagram


