Texnologiya Özəl

Sara Friar tarix açıqladı: "OpenAI" 2027-ci ildə birjaya çıxacaq

Sara Friar tarix açıqladı: OpenAI 2027-ci ildə birjaya çıxacaq

“OpenAI” şirkətinin maliyyə direktoru (CFO) Sara Friar şirkətin 2027-ci ildə birjaya çıxacağını açıqlayıb.

Demokrat.az xəbər verir ki, Friar maliyyə göstəricilərinin gözləniləndən daha sürətlə artması halında ilkin kütləvi təklifin (IPO) daha erkən baş tuta biləcəyini bildirib.

“OpenAI” iyun ayında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) birjaya çıxışla bağlı prospekt layihəsini məxfi şəkildə təqdim edib. Bununla belə, şirkət səhmlərinin birjada hansı tarixdə satışa başlayacağını hələlik ictimaiyyətə açıqlamayıb.

Şirkətin mart ayında 122 milyard dollar investisiya cəlb etməsi isə “OpenAI”a IPO prosesində tələsmədən hərəkət etmək imkanı verir.

“OpenAI”ın əsas rəqiblərindən “Anthropic” də SEC-ə IPO ilə bağlı məxfi müraciət edib. Şirkətin potensial investorlarla birjaya çıxışdan əvvəl görüşlər keçirdiyi bildirilir.

Friar “Anthropic”in “OpenAI”dan əvvəl birjaya çıxmasının şirkət üçün narahatlıq doğurmadığını deyib. O, həmçinin “Anthropic”in sentyabr ayında birjaya çıxmaq ehtimalının olduğunu bildirib.

Digər tərəfdən, “OpenAI” hazırda 852 milyard dollar təşkil edən qiymətləndirməsini IPO-dan əvvəl dəstəkləməlidir. İnvestorlar da birjaya çıxış prosesi zamanı şirkətin maliyyə strukturu və gəlirləri barədə daha ətraflı məlumat əldə etməyi gözləyirlər.

“Wall Street Journal”ın investor məlumatlarına əsasən, “OpenAI” ikinci rübdə 6,7 milyard dollar gəlir əldə edib. Şirkətin gəlirləri birinci rüblə müqayisədə 18 faiz artıb. “OpenAI”ın illikləşdirilmiş gəliri isə 40 milyard dolları ötüb.

“Anthropic”in illikləşdirilmiş gəliri isə 60 milyard dolları keçib.

Jalə Demokrat.az

D
demokrat.az