Dünya Özəl

5 ildir sudan çıxmır, yeməyini də orada yeyir — 16 yaşlı yeniyetmənin qeyri-adi həyatı

5 ildir sudan çıxmır, yeməyini də orada yeyir — 16 yaşlı yeniyetmənin qeyri-adi həyatı

Hindistanda 16 yaşlı İqbal Şeyx təxminən 5 ildir günlərinin böyük hissəsini gölməçələrdə keçirir. Sudan çıxan kimi bütün bədənini bürüyən dözülməz yanma və ağrı hiss etdiyini deyən yeniyetmə, yalnız yenidən suya girdikdə şikayətlərinin azaldığını bildirir.

Demokrat.az xəbər verir ki, Hindistanın Qərbi Benqal ştatının Mürşidabad şəhərində yaşayan Şeyx qeyri-adi həyatı səbəbindən bölgədə yerli əfsanəyə çevrilib. Günlərlə sudan çıxmayan yeniyetmə müxtəlif gölməçələrə gedərək həyatını burada davam etdirir.

Şeyxin illərdir səbəbi müəyyənləşdirilməyən xəstəliyi onun həyatını tamamilə dəyişib. Yeniyetmənin sözlərinə görə, sudan uzaqlaşanda bədənində güclü yanma və ağrı yaranır, sərin suya girdikdə isə bu şikayətlər azalır.

Bu səbəbdən gölməçələr artıq onun üçün sadəcə sərinləmək üçün istifadə etdiyi yerlər deyil, demək olar ki, yaşayış məkanına çevrilib.

Şeyxin qeyri-adi həyat tərzi ətrafdakı insanların da böyük marağına səbəb olub. Məktəbə gedən uşaqlar və yerli sakinlər hər gün gölməçələrin ətrafına toplaşaraq yeniyetməni izləyirlər. Bəzi insanlar isə günlərlə sudan çıxmayan Şeyxə yemək gətirirlər.

Yeniyetmənin gölməçənin içində yemək yeyərkən çəkilmiş görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə insanın diqqətini cəlb edib.

Lakin gölməçələrdə uzun müddət qalmaq Şeyxin sağlamlığı üçün təhlükə yaratmağa başlayıb. Yerli sakinlərin sözlərinə görə, əlləri və ayaqları başda olmaqla, bədəninin bəzi nahiyələrində dəri uzun müddət suda qalması səbəbindən solub.

Yeniyetmədə həmçinin soyuqdəymə və öskürək əlamətlərinin ortaya çıxdığı bildirilir.

Ailəsi daha əvvəl Şeyx üçün yerli tibb mərkəzinə müraciət edib. Lakin burada onun ehtiyac duyduğu müalicəni ala bilmədiyi bildirilir. Ailənin özəl xəstəxanada müalicə xərclərini ödəməyə maddi imkanının olmadığı da qeyd olunur.

Daha diqqətçəkən məqam isə həkimlərin illərdir yeniyetmənin yaşadığı problemin dəqiq səbəbini müəyyən edə bilməməsidir.

Şeyxin həyatında məhz bu məqamda yeni mərhələ başlayıb.

Hindistanın ən varlı şəxslərindən biri olan Anant Ambani 16 yaşlı yeniyetmənin vəziyyətindən xəbər tutaraq onun mütəxəssislər tərəfindən müayinə olunması üçün hərəkətə keçib. Ambaninin təşəbbüsü ilə Şeyx Mumbaya aparılıb və burada hərtərəfli tibbi müayinədən keçirilib.

İllərdir gölməçələrdə yaşamaq məcburiyyətində qalan yeniyetmə indi ilk dəfə mütəxəssis həkimlər tərəfindən ətraflı şəkildə müayinə olunur.

Şeyxin bədənində yaranan güclü yanma hissinin səbəbi hələ də dəqiq müəyyən edilməyib. Həkimlərin nəzərdən keçirdiyi ehtimallar arasında dəridə, xüsusilə su ilə təmas zamanı və ya təmasdan sonra narahatlığa səbəb ola bilən nadir xəstəlik də var.

Digər ehtimal isə yanma, istilik və qızartı hissinə səbəb ola bilən nadir eritromelalgiya xəstəliyidir. Lakin həkimlər bunun hələlik yalnız ehtimal olduğunu və dəqiq diaqnoz üçün geniş müayinələrin aparılmasının vacibliyini bildirirlər.

Jalə Demokrat.az

D
demokrat.az